Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi açıqlama
    • 19-07-2018, 13:37
    • 1 095

Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi açıqlama

Ali Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Komissiyanın aparat rəhbəri Arif Quliyev bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.


Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir: “Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib.


Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm. Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür”.


//Lent.az