"Əziz Şuşa" beynəlxalq veloyürüşünün açılış mərasimi keçirildi -FOTO
    • 9-07-2022, 12:00
    • 682

"Əziz Şuşa" beynəlxalq veloyürüşünün açılış mərasimi keçirildi -FOTO

İyulun 9-da Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında "Əziz Şuşa" beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib.

News24.az xəbər verir ki, tədbirdə əvvəlcə iştirakçı komandalar təqdim olunduqdan sonra Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev çıxış edib. Mədət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanın dünyada nümunəvi, tolerant ölkə olduğunu bildirən federasiya prezidenti yarışın təşkilində əsas məqsədin dünya velosiped ailəsində sıx birləşmək olduğunu bildirib. O, əcnəbi hakimlərə və müxtəlif ölkələrdən olan idmançılara turnirə qatıldıqları üçün təşəkkürünü ifadə edib.

Federasiya rəhbəri iştirakçılara uğurlar diləyib, Gənclər və İdman Nazirliyi və digər təşkilatçılara minnətdarlığını bildirib: "Bu yarışın bayram kimi keçməsini arzulayıram. Qoy, güclü qalib gəlsin".

Sonra Dövlət Himni səsləndirilib və turnir açıq elan edilib.

Qeyd edək ki, yarış iyulun 9-10-da beynəlxalq standartlara uyğun təşkil olunacaq turnirin birinci mərhələsi Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında keçirilir. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmədə yarışacaqlar. İyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısında yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar.

“Əziz Şuşa” beynəlxalq turnirində 8 ölkədən 13 komanda iştirak edəcək. Onlardan 4-ü ölkəmizi təmsil edəcək.