Azərbaycanda maska rejimi qayıda bilərmi? - AÇIQLAMA
    • 15-07-2022, 12:22
    • 464

Azərbaycanda maska rejimi qayıda bilərmi? - AÇIQLAMA

Koronavirus infeksiyasına yoluxmanın artmasının xüsusən payız aylarında baş verməsi bilinən bir həqiqətdir. Bu həqiqətə uyğun olaraq koronavirus xəstəliyi ilə mübarizədə milli səhiyyələr və cəmiyyətlərin hər bir üzvü öyrəndiyi təcrübələrdən yararlanaraq sonrakı addımları atmaq məcburiyyətindədir. Ciddi karantin rejimi hallarının əmələ gəlməsi ehtimalı isə çox da yoxdur.

News24.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, yoluxmanın artdığı istənilən dönəmlərdə şəxsi gigiyena qaydalarına riayət edən cəmiyyətlərdə bu problemlə üz-üzə qalma ehtimalı çox da artmayacaq.

"Avropa ölkələrində də yoluxma sayları az olsa da bu gün bəzi Avropa ölkələrində ictimai nəqliyyatda maska istifadəsi birmənalı olaraq məcburidir və insanlar bunu anlayaraq qəbul edirlər. Çünki maska həm ətrafdakı insanlara xəstəlik yaymanı, həm də özünün xəstəlikdən təsir alma ehtimalını azaldan amildir. Ona görə də əgər payız aylarında yoluxma sayında artmalar olarsa, məntiqi olaraq tibbi nöqteyi-nəzərdən maskalardan xüsusən qapalı məkanlarda və ictimai nəqliyyatda istifadə mövzusu gündəmə gələ bilər. Bunun xaricində sərt karantin rejiminin əmələ gəlməsi demək olar ki, ehtimal olunmur", - deyə R.Mahmudov bildirib.

R.Mahmudov həmçinin vaksinasiyanın vacibliyini diqqətə çatdırıb. "Koronavirus və digər bunun kimi xəstəliklər olduğu müddət içərisində insanların qorunması üçün, yəni xəstəliyə yoluxma deyil, xəstələndikdən sonra həyati təhlükə yaşamaması üçün görəcəkləri tək iş zamanında vaksinasiyadan keçməkdir. Ona görə də bu gün fürsətdən istifadə edərək, məntiqi davranaraq xəstəlik yayıldıqdan sonra deyil, yayılmadan əvvəl vaksindən istifadənin zəruriliyini bildirməyi bir həkim kimi özümə borc bilirəm", - deyə R.Mahmudov əlavə edib./Trend.az/