“Günayım” mahnısı üstündə kütləvi DAVA - Mingəçevirdəki hadisənin təfərrüatı
    • 21-07-2022, 17:57
    • 5 543

“Günayım” mahnısı üstündə kütləvi DAVA - Mingəçevirdəki hadisənin təfərrüatı

Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Novruz Bədəlov kafedə Firqət Əhmədov və Ömər Alxanovu bıçaqlayıb.  

News24.az Bizim.Media-ya istinadən bildirir ki, hadisə ötən il dekabrın 4-də əvvəllər "Ay işığı, hazırda isə "Fokus" adlanan kafedə baş verib.  

Musiqi sifarişi üstündə Ömər Alxanov və Firqət Əhmədovun Novruz Bədələov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə Novruz Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ömər Alxanovla Firqət Əhmədovu bıçaqlayıb. 

İstintaq orqanı tərəfindən Novruz Bədəlovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma)  və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rafail Əliyevin icraatında araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Novruz Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.  

"Pivə və tum sifariş verdik" 

Novruz ifadəsində göstərib ki, hadisə günü saat 17 radələrində dostu Hüseyn və onun yeznəsi Ruslan ilə birlikdə Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən "Foks" adlı çay evinə gəlib:  

"Kafeyə gedərkən çaxır və şokolad aldıq. Kafenin ümumi zalında bizimlə yanaşı, başqa masalarda tanımadığımız müştərilər, sonradan bizimlə mübahisə edən şəxslər, habelə kafenin ofisiant qadın işçiləri və musiqiçilər olublar. Dostlarım ilə əyləşdiyim masadan bir masa aralıda əvvəllər tanımadığım 7-8 nəfər şəxs olub. Kafenin Günay adlı işçisi də həmin şəxslərin masasında əyləşib".  

"Musiqiçilərə "Günayım" adlı mahnını sifariş verdim" 

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 20 radələrində kafedə olarkən Ruslan "Günayım" adlı mahnı sifariş verməsini ondan xahiş edib:  

"Mən də sifariş vermək üçün musiqiçilərin yanına gedəndə Ruslan da masadan duraraq kafedən çölə çıxdı. Zalın baş tərəfində əyləşmiş musiqiçilərə yaxınlaşaraq mahnı sifariş verdim. Bu zaman Hüseyn də kafedən çıxdı. Musiqiçilərə "Günayım" adlı mahnını sifariş verdim, əyləşdiyim masaya doğru qayıdarkən əvvəllər tanımadığım, sonradan adının Ömər olduğunu bildiyim şəxs çiyni ilə mənim çiynimdən vurdu.  

Buna baxmayaraq Ömərdən üzr istədim. Növbəti dəfə çiyin vuracağı halda isə üzr istəməyəcəyim barədə ona xəbərdarlıq etdim. Ömər isə kobud şəkildə cavab qaytardı. Bildirdi ki, nə deyirsən? O, sinəmdən itələdi. Qısa müddət sonra Ömərin tanışları ətrafıma toplaşdı. Ömər yumruqla gicgah nayihəmdən vurdu". 

"Söz verdim ki, vurmayacam" 

Təqsirləndirilən şəxs deyib ki, ətrafa toplaşan təxminən 7-8 nəfərin əksəriyyəti onunla sözlə mübahisə edib:  

"Lakin Ömər məni yumruqla vurduqdan sonra həmin şəxslərin də məni döyəcəyini güman etdim. Özümü qorumaq məqsədi ilə üzərimdə gəzdirdiyim cib bıçağını çıxardım və Öməri bıçaqla bir dəfə vurdum. Bundan sonra bıçaq xəsarəti yetirdiyim şəxs ondan uzaqlaşdı.  

Sonra adının sonradan Firqət olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. Məni vurdu, bıçağı əlimdən almaq istədi. Bu zaman hər ikimiz yerə yıxıldıq. Bıçaq olan əlimi boşa çıxardım və bir dəfə bıçaqla Firqəti çiyin nahiyəsindən vurdum. Firqət bıçaq zərbəsindən sonra da məndən aralanmadı, bıçağı əlimdən almağa çalışdı. Dostum Ruslan zala daxil olaraq bizə yaxınlaşdı. Ruslana "söz verirəm ki, bunu vurmayacam, denən məni buraxsın" dedim. Bu sözümdən sonra Firqət ayağa qalxdı".  

"Bizi şöbəyə dəvət etdilər" 

Novruzun ifadəsinə görə, bundan sonra başqa dava olmayıb:  

"Sonra kafedən çıxaraq Ruslandan məni oradan aparmasını xahiş etdim. Növbəti gün tezdən təslim olacağımı bildirdim. Bundan sonra Ruslan məni Yevlax rayonu, Xaldan kəndində yerləşən atamın evinə apardı. Evə getdikdə orada heç kim olmayıb. Ruslanla birlikdə bir gecə orada qaldıqdan sonra səhəri gün polis əməkdaşları gəldi. Bizi polis şöbəsinə dəvət etdilər. Həmin vaxt bıçağı da polis əməkdaşlarına təqdim etdim". 

"Günayım" mahnısı məni qıcıqlandırmayıb" 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ömərin sözlərinə görə, kafenin ümumi zalında əvvəldən üzdən tanıdığı, adını sonradan bildiyi Novruz adlı şəxs ona çiyin zərbəsi atıb:  
"Novruza yaşına görə kiçik olmasını və yanımdan ehtiyatla keçməsini tövsiyyə etdim. Həmin vaxt Novruz sərxoş vəziyyətdə olduğundan aramızda söz mübahisəsi yarandı. Novruzla birlikdə kafedə olan Ruslan və Hüseyn də onun yanına gəldi. Hər üçü mənimlə mübahisə etməyə başladı.  

Mübahisə zamanı Novruzu sinəsindən itələdim. Onlardan getmələrini tələb etdim. Novruz cib bıçağı ilə gözləmədən sağ kürək nahiyəmdən zərbə ilə vurdu. Həmin vaxt Firqət özünü çatdırdı. Novruzun ikinci dəfə məni bıçaqla vurmasına mane oldu. Novruz bıçaqla Firqətin də sol döş qəfəsindən bir dəfə zərbə ilə vurdu.  

Sonra Firqət Novruzun qollarından tutdu. Ruslan isə hər ikisini sakitləşdirdi. Novruz oradan getdikdən sonra Firqətlə birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getdik".  
Zərərçəkmişin bildirdiyinə görə, Firqətlə onun əyləşdiyi masada Günay adlı kafenin qadın işçisi əyləşsə də, Novruzun "Günayım" mahnısı sifariş etməsinə fikir verməyib və bu onu qıcıqlandırmayıb. Məhkəmənin hökmü ilə Novruz 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.