"Akademiyada "ölüvay" sistem hökm sürür" - Məhərrəmli AzTV-yə haqq qazandırdı
    • 27-07-2022, 14:10
    • 758

"Akademiyada "ölüvay" sistem hökm sürür" - Məhərrəmli AzTV-yə haqq qazandırdı

Azərbaycan Televiziyasının Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tənqidi sujet hazırlaması ətrafında polemikalar davam edir.

Qeyd edək ki, süjetdə AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanların yaş həddinin yuxarı olması və s. məsələlər vurğulanırdı. 

Məsələ ilə bağlı News24.az-a danışan Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, AMEA hər zaman gündəmdə olub: "Elmlər Akademiyası xüsusən Ramiz Mehdiyevin ora gəlib-getməsindən sonra həmişə gündəmdə olub. Çoxları AzTV-nin bu tənqidini gözlənilməz hesab edir. Səbəb də odur ki, AzTV tənqidi materiallar az verir. Ona görə də AzTV-nin AMEA-dan tənqidi sujet hazırlaması çoxlarına təəccüblü gəlir". 

Qulu Məhərrəmli bildirib ki, AzTV-nin sujeti ilkin mesaj kimi maraqlıdır: "Mən hesab edirəm ki, bu, normal tənqiddir. Hazırda akademiyada "ölüvay" sistem hökm sürür. İnstitutlara çox sayda adamlar doldurulub. Bəs, orada hansı ciddi problemlər həll olunur? İşçilər də maaşın azlığını problem edir. Dövlət büdcədən pul ayırır. Bunun da səmərəsi görünməlidir. Ola bilər ki, AzTV-nin sujetinin rakursu fərqlidir. Akademiyada iş, istehsalat görünmür, əmək intizamı da yoxdur kimi fikirlər səsləndirir. Düşünürəm ki, belə tənqidi sujetlər davamlı olmalıdır və bütün televiziyalar fakta əsaslanan tənqidlər verməlidir. Ayrı-ayrı institutların, xüsusən praktik elmlə məşğul olan institutların gördüyü işlərdən, elmə faydasından yazılmalıdır. Tənqid medianın, televiziyanın əsas işlərindən biridir və davamlı olmalıdır".

Qumral ƏLİYEVA