Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək
    • 2-08-2022, 10:40
    • 492

Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək

"İslam dininə aid ibadət yerləri üzrə (məscidlər) elan olunmuş 39 vakant vəzifə içərisində qadın dini ayinlərin icraçısı vakansiyası yoxdur. Ancaq növbəti vakansiya elan edilən zaman bunun da olmasını nəzərdə tuturuq".

News24.az-
ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, budəfəki elan olunmuş vakansiyalar ancaq imam və imam müavinləri üçün nəzərdə tutulub: "İmam və imam müavini isə qadınlar üçün nəzərdə tutulan bir vəzifə deyil. Şəriətə görə qadın imam və imam müavini ola bilməz. Burada söhbət yalnız qadın dini ayinlərin icraçısından gedir. Onların fəaliyyəti isə yalnız qadınlara yönəlik fəaliyyətdir".

Qeyd edək ki, bu gündən Azərbaycanın İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil olunub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır.

Müsahibəyə sənəd qəbulu bu il mayın 24-dən iyunun 24-dək aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.