Nərmin  Şahmarzadə: "Cinsi ayrı-seçkiliyə qarşı həzmsizliyim var"
    • 26-12-2018, 14:55
    • 3 857

Nərmin Şahmarzadə: "Cinsi ayrı-seçkiliyə qarşı həzmsizliyim var"

Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlərdən sonra verildiyi məhkəməni udan Nərmin Şahmarzadə bu dəfə cinsi ayrı-seçkiliyə etirazını bildirib.

3 il müddətinə azadlıqdan məhrum edilməsi istənilən N.Şahmarzadənin işinə xitam verildikdən sonra özünə güvəninin artdığını son paylaşımlardan açıq-aşkar hiss etmək mümkündür.

Bu da onun cinsi ayrı-seçkiliklə bağlı etiraz statusu:

"Çox xahiş edirəm, müdafiə edəndə "kişi qadınla döyüşməz, kişisən, kişi ilə həll et" kimi ifadələr işlətməyin. Anlayıram ki, dəstək olmaq üçün bəzən bu ifadələr gərəkli olur, amma mənə belə dəstək olmayın, bu, mənə çox pis təsir edir. Çünki cinsi ayrı-seçkiliyə qarşı həzmsizliyim var. İllərdir bizi belə manipulyasiya edirlər, illərdir qadınları zəif hesab edib onun udmaq, uduzmaq, mübarizədə ölmək şansını əlindən alırlar. Bəzən də zəif yox, "zərif" kəliməsi işlədilir. Bunu da çoxu "zəif desəm, boğarlar, zərif deyim qıcıqlanmasınlar" deyə işlədir. Sonra niyə qadınların cəmiyyətdə ciddi işləri azdır deyirsiniz, çünki imkan vermirsiniz, bizi qucaqda gəzdirirsinizsə, yeriməyi necə öyrənəcəyik? Düşürdün bizi qucaqdan, imkan verin yeriməyə cəhd edək, imkan verin ayağımızın altında nə isə qalsın yıxılaq, siz yanımızda olun, yenidən qalxaq. Ağlasaq da yenidən yerimək istəyəcəyik.

Bəzən birinə ən böyük dəstək, yıxılacağını görsək də yıxılmağı dadmaq şansını verməkdir, o halda ən böyük kömək, gözlərini açanda kimisə görmək ola bilər, yıxılsa da başının üstündə dayanıb əlindən tutub "qalx, bu son deyil, meydan çoxdur" deyə biləcək adamlar olmalı... Hər şeydən qorunanlar güclənə bilməz. Bizi problemdən uzaq tutmağa çalışmayın, problemlə necə davranmağı öyrədin".

Xatırladaq ki, N.Şahmarzadə M.İbrahimovu qəhrəman hesab etmədiyini söyləmişdi. Nərminin erməniləri özünə düşmən hesab etmədiyi barədə fikirləri isə təhqirlərə səbəb olmuşdu.


//MilliAz