Paşinyandan Rusiyanın əleyhinə - Bəyanat
    • 4-08-2022, 12:30
    • 1 257

Paşinyandan Rusiyanın əleyhinə - Bəyanat

Dağlıq Qarabağda baş verən hadisələr Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı bir sıra suallar yaradır. 

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"2020-ci ildən bəri, o cümlədən son günlər Qarabağda baş verən bir sıra hadisələr Ermənistan ictimaiyyətində sülhməramlı missiyanın məzmunu və xarakteri ilə bağlı suallar yaradır. Bu kontekstdə Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarını razılaşdırmağa ciddi ehtiyac var”, - Paşinyan bildirib.

O, həmçinin bəyan edib ki, İrəvan Rusiya sülhməramlılarından Qarabağda təmas xəttinin pozulmasının dayandırılmasını gözləyir: "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın üçüncü bəndində açıq şəkildə qeyd olunub ki, Dağlıq Qarabağda təmas xətti var və Rusiya sülhməramlıları bu təmas xətti boyunca yerləşdirilib. Məhz bu ərazi Rusiya sülhməramlı kontingentin məsuliyyət zonası adlanır. Biz gözləyirik ki, təmas xəttini pozmağa hər hansı cəhdin qarşısı Rusiya sülhməramlıları tərəfindən alınsın və bu xətt daxilində olan Azərbaycan hərbi bölmələri geri çəkilsin”.