Qazaxıstan XİN Londondakı səfirliyimizə hücumu qınadı
    • 6-08-2022, 00:10
    • 701

Qazaxıstan XİN Londondakı səfirliyimizə hücumu qınadı

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstanın XİN-in bəyanatında deyilir:

“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycanın Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılığı yolverilməz hesab edirik. Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir. Bu, hadisə təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir. Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, Azərbaycan bayrağını endiriblər. Hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub. Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb.