Əliyev-Ərdoğan görüşünün PƏRDƏARXASI – TƏHLİL
    • 10-08-2022, 14:00
    • 606

Əliyev-Ərdoğan görüşünün PƏRDƏARXASI – TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Konyada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdü. 

İlham Əliyevin Türkiyəyə budəfəki səfərində diqqətləri üzərinə cəmləyən bir görüş də baş tutdu, belə ki, Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul etdi. 

Daha sonra isə onların üçtərəfli görüşü keçirilib. 

Şimali Kipr amilinin Əliyev-Ərdoğan danışıqlarında həmişə masa üzərində olduğu fikrini səsləndirə bilərik, hərçənd ki, bununla bağlı açıq-aşkar ictimailəşən rəsmi məlumatlar azlıq təşkil edib. 

Dünya nizamının altına bombalar düzülməsindən sonra Türkiyənin gücünü tükətmək və manevrlərini məhdudlaşdırmaq üçün onun böyük oyunlara doğru sürüklənməsi cəhdləri siyasi üfüqlərdə görünür. 

Ankaraya göstərilən təzyiqlərdən biri onun ərazi bütövlüyünə, qarant durduğu subyektlərə, dövlətlərə təhdid yaratmaqdır, adalarla bağlı Türkiyə ilə Yunanıstan arasında gərginliyin pik həddə çatması həmin planların tərkib hissəsidir. 

Türkiyənin suverenliyi əleyhinə hərbi hərəkətliliklə praktiki təhdidlər ortaya çıxarsa, Ankaranın yanında dura biləcək və ona siyasi dəstəklə yanaşı, əməli dəstək göstərə bilən ölkə Azərbaycandır. 

Bu, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərdə bərkiyən strateji müttəfiqliyin doğurduğu qarşılıqlı müdafiə refleksidir, yəni Ankara ilə Bakı Azərbaycan-Ermənistan münasibətlərinə dair mövqelərini Şimali Kipr mövzusu ilə bərabər şəkildə inkişaf etdirir. 

Azərbaycan 44 günlük Vətən müharibəsinə qədər Şimali Kipr Türk Respublikası ilə təmaslarda son dərəcə ehtiyatlı davranırdı. Bu ehtiyatlılıq onsuz da sürüşkən mövqeyi olan Yunanıstanın Qarabağ separatçılarına “müstəqillik kartı” vermək riski ilə əlaqəli idi. 

Lakin Azərbaycanın Cənubi Qafqazda bərqərar etdiyi yeni reallıqdan sonra vəziyyət dəyişib və Bakının Şimali Kiprlə əlaqələrinin dərinləşməsi istiqamətində mühüm addımlar atılır. 

Hərçənd ki, Azərbaycan Şimali Kipri müstəqil dövlət kimi hələ tanımayıb, ancaq proseslərin rəngi açıldığından Azərbaycan riskləri hesablayaraq həmin məsələni özünün xarici siyasət prioritetlərinə daxil edir. 

Azərbaycan Türkiyənin dəniz yurisdiksiyalarını özündə əks etdirən “Mavi Vətən” doktrinasının praktiki dəstəkçisinə çevrilir, bu, həm də regional təhlükəsizliyin bətninə təhlükəli toxum əkilməməsi üçün vacibdir. 

Üstəgəl, gələcəkdə enerji layihələrinin diversifikasiyası üçün münbit zəmindən ötrü lazımdır. Əsasən, Şərqi Aralıq dənizi hövzəsindəki enerji resurslarının bolluğuna dair təxminlər Azərbaycanla Türkiyənin perspektiv iqtisadi layihələrində yeni səhifələrin açılmasını stimullaşdırır. 

Şimali Kipr məsələsi Türkiyənin ümumi milli təhlükəsizlik konsepsiyasında qırmızı xətlə keçir və Ankara buranın müstəqilliyinin tanınması üçün səyləri artırır. Azərbaycan hələlik belə bir qərar verməsə də, həmin səylərə həlledici dəstək göstərir. 

Bakı-Ankara tandemi Türk Dövlətləri Təşkilatının sıralarını genişlətmək üçün Şimali Kiprin də bu təsisatda yer almasına cəhdlər göstərir, hərçənd ki, müstəqillik faktoru hələ də maneə olaraq qalmaqdadır. 

NƏTİCƏ: 
Ərdoğanla Əliyevin budəfəki görüşü həm Şimali Kipr mövzusunun, həm də Qarabağdakı “Qisas” antiterror əməliyyatından sonrakı nəticələr haqqında birbaşa fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli idi.
 
Aqşin Kərimov