Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
    • 28-12-2018, 13:30
    • 1 085

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, bu il bu münasibətlərin daha da yüksək zirvəyə qalxdığını qeyd edib. Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları arasında həm Azərbaycanda, həm Türkiyədə, həm də beynəlxalq tədbirlərdə keçirilən görüşlərin və çoxsaylı təmasların əlaqələrimizin daha da möhkəmlənməsi baxımından xüsusi rol oynadığını bildirib. Dövlət başçısı bu il eyni zamanda bir çox mühüm birgə layihələrin, o cümlədən TANAP və STAR layihələrinin açılış mərasimlərinin olduğunu qeyd edərək, siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə çox gözəl əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev bu il Türkiyə Prezidentinin iştirakı ilə keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradı dostluq və qardaşlıq münasibətlərimizin parlaq təzahürü kimi dəyərləndirib. Dövlət başçısı qarşıdan gələn ilin də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacağına əminliyini ifadə edib və Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Azərbaycana səfərinin əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyini deyib.
Qəbula görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Türkiyə-Azərbaycan əlaqələrinə toxunan Süleyman Soylu qeyd edib ki, əlaqələrimiz böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub və bu gün uğurla inkişaf edir. O bildirib ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının uğurla inkişaf etdirdiyi bu əlaqələr bu gün regiona və dünyaya böyük töhfə verir və qardaşlıq münasibətlərinin bir nümunəsidir. Türkiyəli nazir qeyd edib ki, başda Dağlıq Qarabağ məsələsi olmaqla Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci isə Türkiyənin sevincidir.
Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

//Report