“Utanıram, Şahruddin olmaqdansa…” – “Qarabağ”ın qapıçısı
    • 24-08-2022, 12:57
    • 2 130

“Utanıram, Şahruddin olmaqdansa…” – “Qarabağ”ın qapıçısı

“Çempionlar Liqasının bir addımlığında uduzmaq ağırdır. Amma nə etməli? “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi çox güclü rəqibləri keçdik. Bu, o qədər də asan deyil”.

News24.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “1news.az”a müsahibəsində deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan “Viktoriya”ya uduzan (1:2) Ağdam klubu artıq Bakıya qayıdıb. Millimizin də üzvü olan qolkiper hava limanında Çexiya klubu ilə matçı dəyərləndirib: 

“Demək olar ki, bütün matç boyu top sizə çatmırsa, çətin olur. Bakıda da belə idi. Onların qol epizodları yox idi. Öz səhvlərimizdən iki qol vurdular. İndi ən çətin vəziyyətdə olan Çempionlar Liqasının qrupuna düşmək üçün bu qədər iş görən futbolçularımız və məşqçilərimizdir”.

Buraxılan ilk qolda kobud səhvə yol verən Məhəmmədəliyev bunun utancverici olduğunu bildirib: “Əlbəttə, üzücüdür. Belə məqamlarda fikirləşirsən ki, Şahruddin olmaqdansa, səni heç kim tanımasa, daha yaxşı olardı. Açığı, bir səhvdən sonra mənə belə nifrət ediləcəyini gözləyirdim. Amma bu futboldur və bu, bizim işimizin bir hissəsidir. Bəli, utancvericidir, amma səbirli olmaq lazımdır. Bunun üçün məşq edirik və daha yaxşı olmağa çalışırıq. Bu vəziyyətdə nə edə bilərəm? Mən hələ də həmin Şahruddinəm. Öz üzərimdə işləyirəm. Bu səhv bilərəkdən baş vermir. Bundan əvvəl də oyunlar olub”.