Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı MƏLUMAT YAYDI
    • 12-09-2022, 11:26
    • 473

Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı MƏLUMAT YAYDI

Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluqdan News24.az-a verilən xəbərə görə, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, istintaq olunan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.