Baş Prokurorluq: " Sənan Əhmədovun video müraciətləri ilə əlaqədar araşdırma davam etdirilir"
    • 19-09-2022, 12:41
    • 243

Baş Prokurorluq: " Sənan Əhmədovun video müraciətləri ilə əlaqədar araşdırma davam etdirilir"

Baş Prokurorluq Xasməmmədov Taleh Vidadi oğlunun “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında 16.09.2022-ci  il tarixdə paylaşdığı Ermənistanla sərhəddə baş vermiş silahlı təxribatın qarşının alınması zamanı cari ilin 13 sentyabr tarixində şəhid olmuş, əslən İmişli rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından birinin atasının oğlunun xidmətə qəbul edilməsi üçün 3000 manat pul verməsi barədə paylaşımı müəyyən edib.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Taleh Xasməmmədov qeyd edilən məlumatı sosial şəbəkədə oxuyaraq öz hesabında paylaşdığını, həqiqətdə isə belə adam tanımadığını,əlavə məlumatının olmadığını bildirib.

Eyni zamanda, 2022-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarından şəhid olmuş hərbi qulluqçulardan İmişli rayonunda yaşayan və ya qeydiyyatda olan hərbi qulluqçunun olmadığı müəyyən edilib.

Taleh Xasməmmədovun Azərbaycan ordusu ilə bağlı dəqiqləşdirilməmiş informasiyaları yaymasının qanunsuz xarakteri diqqətinə çatdırılaraq, ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.

Həmçinin, Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış 14-15 sentyabr 2022-ci il tarixli video müraciətləri ilə əlaqədar araşdırma davam etdirilir, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.