Yeni avtomobil yoluna ad verilib
    • 3-01-2019, 15:59
    • 1 205

Yeni avtomobil yoluna ad verilib

Bakının Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yoluna ad verilib.

Həmin yol “Böyükşor” adlandırılıb.
Küçəyə də eyni ad verilib.
Küçənin adını göstərən lövhələrin quraşdırılması işlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
Qeyd edək ki, 2018-ci il dekabrın 28-də istifadəyə verilən yol Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğundakı bəndin üzərindən keçir. Yeni yol dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolboyu 16 yol nişanı quraşdırılıb. Yolun əvvəlində və sonunda uzunluqları 320 və 274metr olan iki tunel də inşa edilib. Tunellərin hərəkət hissəsinin eni 28 metrdir. Tikinti işləri çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar da tikilib. Yol boyunca müasir işıqlandırma sistemi qurulub, dörd avtobus dayanacağı quraşdırılıb.
Yeni avtomobil yolunun inşası nəticəsində sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri “20 Yanvar” dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu ilə Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Göradil, Pirşağı qəsəbələrinə rahat hərəkət edəcək. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə bu istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa, həmin qəsəbələrin sakinlərinə Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq.
Qeyd edək ki, yeni yolun açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

//Report