Üçüncü Dünya müharibəsi başlayıb, YENİ SƏRHƏDLƏR yaranacaq - ŞƏRH
    • 26-09-2022, 14:18
    • 719

Üçüncü Dünya müharibəsi başlayıb, YENİ SƏRHƏDLƏR yaranacaq - ŞƏRH

Tarixə nəzər salsaq, görərik ki, dünyada müxtəlif səbəblərdən qlobal dəyişikliklər baş verir. Dünya müharibələrindən sonra yeni sistemlər yarandı. Sovet Sosialist Respublikaları İttifaqının dağılması da öz növbəsində dünyada gedən bir çox regional proseslərə təsir göstərib. Yeni dövlətlər fərqli sistemin parçaları oldular. Bu dövlətlərin yaranmasında da bəzi problemlər var idi. Azərbaycan, Gürcüstan, Moldova və s. dövlətlər yarandığı tarixdən etibarən ərazi problemləri ilə üzləşdi. 

Bunu News24.az-a açıqlmasında politoloq İlqar Vəlizadə deyib.


O bildirib ki, dünya xəritəsi yenidən müəyyən olunur: “Rusiya-Ukrayna müharibəsi bu məsələyə təkan verir. Dünyadakı beynəlxalq əlaqələr sistemi köklü sürətdə dəyişir. Məsələn, 1-2 il öncə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvləri heç vaxt dilə gətirmirdilər ki, BMT-də reformalar, islahatlar aparmaq lazımdır. Bu yaxınlarda Co Bayden Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında islahatlar edib, təzə üzvlər gətirmək lazımdır. Bu fikir o deməkdir ki, İkinci Dünya müharibəsindən sonra yaranmış sistem və siyasi normalar artıq işləmir. Çox sayda təsisat artıq “iflic” vəziyyətindədir. Bu təsisatlar qərar qəbul edirlər, amma yerinə yetirmirlər. Məsələn, BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 il ərzində yerinə yetirilmədi, sonda məcbur olub, güc yolu ilə ədaləti bərpa etdik”. 

İ. Vəlizadə vurğulayıb ki, dünyadakı hadisələr miqyasına görə Üçüncü Dünya müharibəsində gedən proseslərə bərabərdir: “Bu proseslərin sonunda yeni dünya müharibəsi yaranacaq. Sonda isə fərqli iqtisadi-siyasi sistem formalaşacaq. İqtisadi böhranlar, sanksiyalar elə vəziyyət yaradıb ki, Ümumdünya Ticarət Təşkilatının prinsipləri demək olar ki, işləmir. Sadə dillə desək, tanka, topa ehtiyac olmadan indi də müharibə gedir. Hətta bunu Üçüncü Dünya müharibəsi də adlandırmaq olar. Rusiya və Qərb birbaşa toqquşmasa da, gedən proseslər Üçüncü Dünya müharibəsi ilə ekvivalentdir. Bütün bu proseslərin sonunda biz yeni dünya, yeni sərhədlər və yeni nüfuz bölgüsünün aparılmasını müşahidə edəcəyik”.