-
- 3-10-2022, 13:06
- 1 007
Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR
Düzdür, hazırda bir çoxları realistik şəkillər çəkirlər, amma belələrinin azərbaycanlılar arasında da olması qürurvericidir. Nərgizin "The Queen's Gambit" serialının qəhrəmanını təsvir etməsi "Netflix" kimi böyük video-yayım platformasının da diqqətini cəlb edib.
Belə ki, 23 yaşlı rəssamımızın sözlərinə görə, "Netflix Türkiyə"nin rəsmi səhifəsi "Beth Harmon Challenge"na məhz onun əl işi ilə start vermişdi.
"Netflix US" isə Nərgizin çəkdiyi Şahzadə Diananın rəsminə "Wow" deyərək reaksiya bildirib.
Bu qızın özü kimi gözəl əl işlərini onun "İ
Bir neçə sualımızı ona ünvanladıq. Nərgiz suallarımızı belə cavablandırdı:
- Rəssamlığa həvəs nə zamandan yaranıb? Bu sənəti seçmək valideynlərin istəyi olub, yoxsa..?
- Uşaqlıqdan. Ən çox at şəkilləri çəkməyi xoşlayırdım. Daha sonra valideynlərim rəssamlığa olan marağımı görüb rəsm kursuna yazdırdılar.
- Rəssamlığı harada oxumusan?
- Tofiq İsmayılov adına Uşaq Dünyası Rəsm Qalereyasında. Müəllimin də Tofiq Məmmədov olub.
- Nə vaxtsa rəssamlıqla ciddi məşğul olmağı düşünürsən?
- Bəli, düşünürəm.
- Bəs planında nə var? Hədəfinə çatmaq üçün hazırda nə edirsən? Bu yolda hansı maneələr var?
- Əslində xüsusi bir planım yoxdur. Hazırda ən böyük problemim vaxt azlığıdır. Həftənin 6 günü gecəyədək işlədiyimə görə, rəssamlığa istədiyim qədər vaxt ayıra bilmirəm. Amma vaxtım olsaydı, bir neçə mütəxəssisdən dərs alıb daha da püxtələşmək, bəlkə də, şəxsi emalatxana açmaq, sərgilərdə iştirak etmək istəyərdim.
- Dünya rəssamlarından kimi özünə nümunə bilirsən? Ən sevdiyin əsər hansıdır?
- Dünya rəssamlarından yox, ən çox bizim rəssamlardan Səttar Bəhlulzadəni özümə nümunə bilirəm. Bütün rəsmlərini sevirəm.
- Bəs öz əsərlərindən?
- Öz əsərlərimdən ən çox uşaqlıqda Səttar Bəhlulzadə üslubunda çəkdiyim "Şapqalı qız" rəsmidir. Bu əsər hələ o vaxt Qala Festivalında Mehriban Əliyeva və Leyla Əliyeva tərəfindən seçilmişdi. Amma təəssüflər olsun ki, hazırda o rəsmin fotosu belə, məndə yoxdur.
- Ən böyük arzun nədir?
- Öz bacarıqlarımla yüksəlmək, güclü biri olmaqdır.
- "İnstagram"da "Sattartist" adıyla səhifən var. Maraqlı adı var. Niyə məhz "Sattartist"? Mənasını izah edərdin.
- Bunu bacım Fidanla düşünmüşük. "Sattar" Səttar Bəhlulzadənin adından götürülüb, "artist" isə ingiliscə "rəssam" deməkdir. Bu iki sözü birləşdirib səhifəmizin adını "Sattartist" qoymuşuq.
- Bu fəaliyyətində sənə ən cox dəstək olan kimdir?
- Atam, anam, bacılarım. Bir sözlə, ailəm. Hər bir uğurumda onlara çox borcluyam.
- İndiyədək özünün tələbələrin olubmu?
- Olub.(gülür) Bir müddət kursda balaca uşaqlara rəsm çəkməyi öyrətmişəm.
- Rəssamlığa başlayanlara məsləhətin nədir?
- Öz üzərlərində çalışsınlar. Daha çox gəzsinlər, gördüklərini və bir də heç kəsin görmədiklərini təsvir etsinlər./Big.az/