Prezidentlər nə qədər maaş alır? - SİYAHI
    • 3-10-2022, 17:13
    • 603

Prezidentlər nə qədər maaş alır? - SİYAHI

Bir şəxsdən aylıq qazancını soruşmaq etik olmasa da, günümüzün reallığında yaşamaq, şəxsi ehtiyacları qarşılamaq üçün maaş mühimdir. Məlumdur ki, aylıq maaş alan adi vətəndaşlar kimi ölkə başçıları da tutduqları vəzifəyə görə maaş alırlar. 

Maraqlıdır, dünya liderləri aylıq nə qədər maaş alır? Aylıq ən çox qazanan ölkə başçısı kimdir?

News24.az mövzu ilə bağlı araşdırmanı təqdim edir. 



Sinqapur prezidenti Həlimə Yaqub ən çox qazanan ölkə başçıları arasındadır. Belə ki, ictimai etirazlara görə Sinqapur prezidentinin maaşının 28 faiz azaldılmasına baxmayaraq, Həlimə Yaqub, ildə 2,2 milyon Sinqapur dolları qazanır. Ölkədə orta aylıq əmək haqqı isə 4 min Sinqapur dollarıdır. Həlimə Yaqubun aylıq qazancı isə 12 000 ABŞ dollarıdır. 



ABŞ-nın 46-cı prezidenti Co Bayden əlavə gəlirlərin xaricində aylıq rəsmi olaraq 33 333 dollar maaş alır. Amerika Birləşmiş Ştatlarının prezidenti qanunla müəyyən edilmiş qaydalara görə, ildə 400 min dollar qazanır. Həmçinin, prezident hər il 50 000 dollar əlavə xərcləmə müavinəti alır, qanuna görə, o, bu pulu xərcləyib bitirə bilməsə, dövlət xəzinəsinə geri qaytarmalıdır. Əlavə olaraq, ABŞ prezidentinin səyahət büdcəsi 100 000 dollardır. O, istəsə, Ağ Evi yenidən təmir etmək üçün də dövlət xəzinəsindən 100 min dollar istifadə edə bilər. 



69 yaşlı Rusiya prezidenti Putin təvazövkar həyat tərzi ilə tanınan dünya liderləri arasındadır. Putin rəsmi olaraq aylıq 630 min rubl, təxminən 18 457 manat maaş alır. Onun Sankt-Peterburqda kiçik bir mənzili və Sovet İttifaqı dövründən qalan iki avtomobili olduğu bildirilir. Lakin İngiltərənin “The Guardian” qəzeti fevralın 24-dən Ukrayna ilə müharibə aparan Rusiyanın siyasi liderinin 4,5 milyard dollar dəyərində daşınmaz əmlak şəbəkəsinə malik olduğu iddiasını irəli sürüb.



Qardaş ölkə Türkiyədə baş verən infilyasiya orta aylıq əmək haqqlarına da təsir edib. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşı yüzdə 14,4 artaraq 88 min lirədən 100 min 750 lirəyə yüksəlib. Ərdoğanın iyul ayında aldığı aylıq maaş 8 min dollar idi. Lakin hazırda bu məbləğ 7 500 dollar dəyərindədir.



Çin Xalq Respublikasının prezidenti Şi Cinpinin illik gəliri 22 min dollardır. Bu da onun hər ay təxminən, 1 833 dollar maaş aldığını göstərir. 



Fransa Prezidenti Emanuel Makron aylıq 21 200 dollar maaş alır. Bu da o deməkdir ki, Fransa prezidenti illdə 254 400 dollar vəzifə maaşı alır. 



Kanadanın baş naziri Castin Trüdo aylıq 21 200 dollar maaş alır. Fransa prezidenti ilə eyni maaşı alan Castin Trüdonun da illik qazancı 254 400 dollar edir. 



İrlandiya prezidenti Maykl Daniel Hiqqinsin aylıq vəzifə maaşı 23 000 dollardır. 



Lüksemburqun Baş Naziri Xavel Bettel bu vəzifəni icra etdiyinə görə ayda 26 000 dollar maaş alır. 
 


Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev 2005-ci ildən bəri maaşının artırılmasını dayandırıb. Prezident 17 ildir ki, eyni - 15 min manat (8 823 dollar) maaş alır. Prezidentin qərarı ilə maaşının minimum əməkhaqqının 600 misli qədər olması müddəası Seçki Məcəlləsindən çıxarılıb. Bu qərardan sonra minimum əməkhaqqı nə qədər artırılsa da, Prezidentin maaşı stabil qalıb.
/Gundem.az/