"Əziyyətimiz yerdə qalmadı"-  Prezident təqaüdü alan bacılardan AÇIQLAMA
    • 3-10-2022, 18:49
    • 316

"Əziyyətimiz yerdə qalmadı"- Prezident təqaüdü alan bacılardan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

News24.az bildirir ki, bu il Prezident təqaüdünə layiq görülən gənclərdən ikisi bacıdır. Həmidə və Nəzrin Sadıqovalar Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alırlar.

Prezident təqaüdçüləri olan bacılar təəssüratlarını saytımızla bölüşüb.
Həmidə Sadıqova bu hissin çox sevindirici və qürur verici olduğunu deyir:" Prezident təqaüdünə layiq görüldüyüm üçün sevincliyəm. Məlumatı alanda çox qürurlandım. İlk növbədə  valideynlərimi sevindirdiyim üçün özümü xoşbəxt hiss elədim.  Əziyyətimiz, əməklərimiz yerdə qalmadı. Bacımla həmişə bir-birimizə dəstək olurduq".

Nəzrin Sadıqova da fərqlənə bildiyi, Prezident təqaüdçüsü olduğu üçün böyük məmnuniyyət duyduğunu bildirib: " Təbii ki, hədsiz böyük sevinc içindəyəm. Hədəflərimizə nail ola bildik. Həmidə ilə həm bacı, həm də tələbə yoldaşıyıq. Bundan sonra da uğurlara qoşa imza atmağı arzu edirəm”. 

Qeyd edək ki, əslən Ağdam rayonundan olan bacılar Bakıda yerləşən T.İsmayılov adına 6 saylı orta məktəb liseyi qızıl medalla bitiriblər.