Elxan Şahinoğlu: "Vardanyan Qarabağ ermənilərinə Rusiya pasportları paylaya bilər"
    • 4-10-2022, 19:57
    • 609

Elxan Şahinoğlu: "Vardanyan Qarabağ ermənilərinə Rusiya pasportları paylaya bilər"

"Gözlənildiyi kimi, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. Belə adamlar işsiz qalmırlar. Qarabağ separatçılarının lideri Araik Arutunyan Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif edib. Bu separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır". 

News24.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra kənarlaşmaq istəyini tədricən həyata keçirməyə çalışır:

"Onun imkanı olsa, Qarabağı da tərk edər. Böyük ehtimalla Araik Arutunyanın yerini Ruben Vardanyan tutacaq. Bu Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçılarının başına, hər şey plan üzrə gedərsə, Ermənistanda baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Köçəryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi. 

Ruben Vardanyan bizə Qarabağı tam nəzarətə götürməyə mane ola bilərmi? Vardanyan Kremlin təlimatı əsasında fəaliyyət göstərəcəksə, problemlərlə üzləşə bilərik. Misal üçün Vardanyan Kremlin təlimatıyla Qarabağ ermənilərinin Rusiya pasportları ilə təmin olunması siyasətinə başlaya bilər. Vardanyan dünyadakı ermənipərəst dairələrin Qarabağın işğal altındakı ərazilərinə yatırım qoymağa çağıracaq. Onun Qarabağa köçdükdən dərhal sonra Fransaya səfəri də məhz bununla bağlı idi. Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb 1)Qarabağ separatçılarını tərksilah etməliyik; 2)Qarabağın tamamında Azərbaycan qanunlarının icrasını təmin etməliyik; 3)Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik".