Marketlərdə qara çörək niyə tapılmır? - AÇIQLAMA
    • 10-10-2022, 16:00
    • 930

Marketlərdə qara çörək niyə tapılmır? - AÇIQLAMA

Paytaxt marketlərində qara çörək tapılmır. 

Bununla bağlı News24.az-a paytaxt sakinləri məlumat verib.

Məlumatda bildirilib ki, marketdən qara çörək almaq istəyən vətəndaşa qara çörək satılmadığı deyilib. Səbəb olaraq qara unun qıtlığı göstərilib.

Bununla bağlı saytımıza danışan iqtisadçı Xalid Kərimli
bildirib ki, belə problemlərin yaranması ölkənin ümumi mənzərəsini əks etdirmir:

"Marketlərdə qara çörəyin tapılmaması konkret olaraq hansısa mağazada, dəyirmanda müəyyən ehtiyatların idarə edilməsi ilə bağlı problemdən qaynaqlana bilər. Yaxud da, sifarişlərin zavodda icrası ilə bağlı anlaşılmazlıqlarla bağlı ola bilər. Amma bu, ölkənin ümumi mənzərəsini göstərmir. İdxal məlumatları onu deməyə əsas verir ki, ölkə hazırda planlaşdırdığı qədər taxıl ala bilir". 

İqtisadçı qeyd edib ki, həm taxıl ehtiyatlarımıza, həm də idxal məlumatlarına baxanda ölkədə taxılla əlaqəli ciddi problem olmadığı aydın görünür: "Ölkədə taxıl idxalı dayanmayıb, ərzaqla, taxılla bağlı hər hansı bir problem yoxdur. Qarşıdakı 12 ayda da olmayacaq. Azərbaycan taxıl ehtiyatlarının 95 faizini Rusiyadan idxal edir. Hazırda ərazilərində müharibə getməsinə baxmayaraq, əsas taxıl ölkəsi Rusiya öz müqavilə öhdəliklərini yerinə yetirir, yəni taxıl göndərir. Hal hazırda bizi taxılla bağlı gərgin vəziyyətə salacaq məsələ və məqam yoxdur".