"İlham Əliyev xalqı öz arxasınca qələbədən-qələbəyə aparacaq" - ŞƏRH
    • 15-10-2022, 15:28
    • 225

"İlham Əliyev xalqı öz arxasınca qələbədən-qələbəyə aparacaq" - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il keçir. 2003-cü il oktyabrın 15-də Ümummilli Liderin siyasi kursuna sadiq olan xalqımız ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Azərbaycan seçicisi, xüsusilə, 2018-ci ildə Prezident İlham Əliyevə böyük etimad göstərərək 86,02% səslə onu dördüncü müddətə Azərbaycan Prezidenti seçdi. 

İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 19 il ərzində Azərbaycan tarxinin ən şanlı dövrünü yaşadı. Xüsusilə qeyd etmək lazımdır ki, ötən 19 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən ardıcıl tədbirlər öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə verdiyi layiqli cavabla hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız cəmi 44 gün ərzində azad olundu. Ordumuzun qarşısında cəmi 44 gün tab gətirən Ermənistan sonda kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev əməliyyatlara şəxsən özü nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Əlbəttə ki, qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısının xarici KİV-ə 30-dan çox müsahibə verməsi münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Bu, həm də Ermənistanın dezinformasiya siyasəti, eyni zamanda beynəlxalq ictimaiyyəti manipulyasiya etmək cəhdinin qarşısını alan ən effektiv vasitə oldu.

Əldə edilən tarixi qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Bu gün cənab Prezident 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi nailiyyəti siyasi-diplomatik uğura çevirmək yönündə mühüm addımlar atır. Ermənistan təslim aktı imzaladıqdan sonra keçirilən bütün görüşlərə, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə təşkil olunmuş son üçtərəfli toplantıya diqqət yönəltsək, görərik ki, Prezident İlham Əliyev Azərbayanın milli maraqlarının müdafiəsi baxımından bir addım belə geri çəkilmir, masada xalqın mövqeyini diktə edir və İrəvanın geri addım atmasına nail olur.

Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını da artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Ötən 19 il bu gün bizə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

Müəllif: Politoloq Turan Rzayev