Vaşinqton, yoxsa Moskva variantı? – Bakıya hansı sülh sazişi sərf edir...
    • 28-10-2022, 14:26
    • 314

Vaşinqton, yoxsa Moskva variantı? – Bakıya hansı sülh sazişi sərf edir...

Rusiya Prezidentin Vladimir Putinin ötən gün “Valday” diskussiya klubundakı çıxışı bir çox baxımdan diqqət çəkdi. Sözügedən toplantıda erməni politoloq Aleksandr İsgəndəryanın verdiyi suala Putin belə cavab verib:
 
“Hesab edirik ki, sülh sazişi lazımdır. Biz sülh nizamlanması kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik. O ki qaldı, sülhün Vaşinqton, yoxsa Moskva variantının seçilməsinə, bu, erməni xalqının və Ermənistan hakimiyyətinin iradəsidir. İstənilən halda proses sülhə gətirib çıxaracaqsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diqtə edə bilmərik və belə niyyətimiz də yoxdur.
 
“Vaşinqton variantı” - başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan buna razıdırsa, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür. Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir.
 
Ermənistan bizim strateji partnyorumuz, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”.
 
İsgəndəryanın sualının səbəbi
 
Erməni politoloq Aleksandr İsgəndəryanın Putinə verdiyi sual heç də səbəbsiz deyil. Belə ki, Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün Vaşinqton və Moskva variantlarının olduğunu, guya Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər. Görünür, erməni politoloqun Vladimir Putinə sualının qoyuluşu da istiqamətləndiricidir.
 
Putin İrəvana diş göstərdi, Bakı ilə isə fikir ayrılıqlarını etiraf etdi!
 
Putin “Biz sülh nizamlanmasını kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik” deyərək topu Bakı və İrəvanın üzərinə atır. Lakin “O ki qaldı hansı variantı seçməyə, bu, erməni xalqının və Ermənistan hakimiyyətinin rəyidir” fikri isə açıq şəkildə Ermənistana diş göstərməkdir. Yəni rəsmi İrəvan hansı variantı seçəcəksə, bunun bir nəticəsi olacaq.
 
Putinin “əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür” sözləri isə rəsmi Bakıya ünvanlanan mesajdır.
 
Ümumiyyətlə, Moskva və Bakının son günlər bir-birinə açıqca mesajlar verməsi  hətta hər iki ölkənin dövlət televiziya kanallarının qarşılıqlı atışması fonunda demək olar Bakı ilə Moskvanın fikir ayrılıqları var.
 
Bakı üçün sülhün hansı variantı önəmlidir?
 
Hazırda bu sual Ermənistandan daha çox Bakını maraqlandırmalıdır. Çünki hər iki variant özlüyündə Bakı üçün təhlükəli tezislər ehtiva edir. Məsələn, sülh modelinin ABŞ variantı Putinin də dediyi kimi Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. Lakin bu o demək deyil ki, İrəvan status tələbindən geri imtina edir. Əksinə belə bir güzəşdə gedərək Vaşinqtonun bu istiqamətdə dəstəyini daha çox qazanacaq və ABŞ ermənilərə statusun verilməsi istiqamətində Bakıya təzyiqləri artıra bilər.
 
Sülh modelinin “Moskva variantı”na gəldikdə isə Putinin qeyd etdiyi “Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür” ifadələri bu variantın kodlarını açıqlayır.
 
Nəticə etibarilə ABŞ-ın da, Rusiyanın da modeli Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin ABŞ prosesin yekunda ermənilərə statusun verilməsi ilə Rusiya isə münaqişənin gələcəkdə yenidən alovlanması üçün müvəqqəti dondurulması ilə bitməsini təklif edir.
 
Rəsmi Bakı indiki məqamda prosesi bir qədər uzatmalı ən azından Ukrayna-Rusiya müharibəsində Kremlin zəifləməsini, eyni zamanda ABŞ-ın beynəlxalq vəziyyətə uyğun olaraq prosesə baxış bucağının dəyişməyini gözləməlidir.
 
Politoloq Turan Rzayev