Baş Prokurorluqda “Açıq qapı günü” təşkil edilib
    • 28-10-2022, 14:57
    • 245

Baş Prokurorluqda “Açıq qapı günü” təşkil edilib

Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq Baş Prokurorluq tərəfindən növbəti “Açıq qapı günü” təşkil edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-averilən məlumata görə, oktyabrın 28-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə gənc hüquqşünasları tanış etmək olub.

Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak edib.

Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə iştirakçılara ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla görülmüş işlər, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.

Tədbir zamanı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq idarələrin fəaliyyəti barədə dinləyicilərə ətraflı danışılıb.

İştirakçılara xarici təhsil müəssisələrində biliklərə yiyələnməklə hazırda prokurorluq orqanlarında xidmət keçən əməkdaşlar barədə məlumat verilib, son dövrlərdə xaricdə ali hüquqi təhsil almış gənc hüquqşünaslar tərəfindən prokurorluq orqanlarına xidmətə qəbul olunmaq üçün maraq göstərildiyi vurğulanıb.

İştirakçılara ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı filmi nümayiş olunub.

Gənc hüquqşünaslar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verilib, onlarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sonda xatirə fotoşəkli çəkdirilib.