Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
    • 4-11-2022, 15:45
    • 234

Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib

İki il əvvəl Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Silahlı Qüvvələrin qəhrəmanlığı sayəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələri yazılıb. Qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə noyabrın 4-də Daxili İşlər Nazirliyinin (DİN) Quba, Lənkəran və Zaqatala rayonlarındakı hərbi hissələrində Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailə üzvlərinin, qazilərin, hərbi qulluqçuların və polis əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətindən News24.az-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Vətən müharibəsində qələbə uğrunda döyüşən nazirliyin hərbi qulluqçularının və polis əməkdaşlarının göstərdiyi qəhrəmanlıqlardan fəxrlə danışıblar. Bildirilib ki, otuz ilə yaxın vaxtda işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi nəticəsində cəmi 44 gün davam edən “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində azad olunub. Bu müqəddəs amal uğrunda aparılan müharibədə döyüş tapşırıqlarını icra edərkən DİN-in 66 əməkdaşı şəhid olub, 346 nəfər isə yaralanıb.

Tədbirlər şəxsi heyətin tribuna önündən təntənəli keçidləri ilə başa çatıb.