Bölgələrdəki “uçurum”ları necə keçək?
    • 6-11-2022, 12:00
    • 264

Bölgələrdəki “uçurum”ları necə keçək?

Rəqəmsal dünya bizə sayısız-hesabsız yeniliklərin qapısını açır. Evimizdə oturduğumuz halda dünya ilə ünsiyyət şansı qazanırıq. Artıq evdən çıxmadan telefonumuz, kompüterimizlə yemək sifarişi edə,təyyarə-avtobus biletləri ala, məhsulumuzu sata və digər əməliyyatları saniyələr içərisində həyata keçirə bilərik. 10 il əvvələ qədər internet və smartfonlar sadəcə ünsiyyət, əyləncə, sosiallaşmaq funksiyasını yerinə yetirirdisə, artıq onlar vasitəsilə rəqəmsal dünyada bir çox şeyə çata  bilərik. Rəqəmsallaşmanın gətirdiyi rahat həyat şəraiti bizdə daha çox rəqəmsallaşma arzusu yaradır. Gün keçdikcə daha çox rəqəmsal texnologiyalardan istifadə etməyə başlayır, artıq "rəqəmsal cəmiyyət"in üzvünə çevrilirik. 
Dünya hazırda texnologiya əsrini yaşayır. Rəqəmsal texnologiyaların sürətli inkişafı dövründə isə bu yeniliklərdən kənarda qalan insanlar var. Onlar rəqəmsal bərabərsizlikdən( texnologiyaya qeyri-bərabər çıxış) əziyyət çəkirlər. Dünya təcrübəsi də göstərir ki, paytaxt şəhərlərlə bölgələr arasında rəqəmsal istifadə baxımından fərqlər mövcuddur. Texnologiyaya çıxışı olmayan və ya texnologiyadan istifadə etmək imkanı olmayan ərazilərlə rəqəmsal savadlılığa malik olan ərazilər arasında uçurum genişlənir. Paytaxt Bakıda insanlar müəyyən qədər rəqəmsal biliklərə malik olsalar da, bölgələrdə vəziyyət heç də ürəkaçan deyil. Rəqəmsal imkanlara , elektron xidmətlərə , ictimai informasiyaya əlçatımlılıq baxımından regionlarla Bakı arasında bərabərsizlik kifayət qədər yüksəkdir. Belə olan halda bölgələrdə yaşayan vətəndaşlar mövcud elektron xidmətləri əldə etməkdə əlavə problem yaşayırlar. Bu da ucqar ərazilərdə yaşayan insanların həyatını daha da çətinləşdirir. Deməli, texnologiya həm də cəmiyyət arasında parçalanmaya da səbəb olur.
 Fikrimcə, texnologiyaya qeyri-bərabər çıxışın başlıca səbəbi isə bölgələrin sürətli və keyfiyyətli internetlə təmin olunmamasıdır. İnternet dövrümüzün ən əlçatımlı rəqəmsal xidmətidir və çoxluq üçün əsas ehtiyacdır. Az qala həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternetin bu qədər əl çatan olmasına baxmayaraq ölkəmizin bir çox bölgələrində bu xidmətdən yararlanmaq olduqca çətindir. İnternet əsrində İKT-yə çıxışı olmayan insanlar sosial və iqtisadi cəhətdən əlverişsiz vəziyyətdədirlər. Onlar iş tapmaq, onlayn alış-veriş etmək, araşdırmaq, öyrənmək imkanına malik deyil. İnternet olmadan da rəqəmsallaşmadan danışmaq absurddur.
Lerik rayonunun ucqar kəndində yaşayan Sədaqət Şərifova bildirir ki, internetin olmaması onların 
həyatında əməlli-başlı çətinlik yaradır. İnternetə çıxışlarını təmin etmək üçün isə əlavə xərclərlə
internet paketləri almağa məcbur olurlar: " Ən çox pandemiya vaxtı onlayn dərslərə qoşulanda 
problem yaşayırdım.Dərsləri onlayn şəkildə evdən keçirdik. O vaxt internetin əlçatan olmamasına 
görə, əlavə xərcim çox çıxırdı. Proqram vasitəsilə dərs keçəndə meqabayt çox tez qurtarırdı. O da iki qat xərc idi. Ona görə istədim ki, evimizdə vayfay olsun. O da ev telefonu yoxdu deyə alınmadı. Dedilər ki, ev telefon xətləri rayonlar üzrə sayla verilir. Əlavə xətt yoxdur ki, sizə verilsin. İndi bizim evdə telefon yoxdur deyə, internet də yoxdur".
Digər sakin Məlahət Rzayeva isə bildirir ki, onlayn bank xidmətlərinin olmaması səbəbindən paytaxtda təhsil alan qardaşına pul göndərə bilmirlər:" Qardaşım Bakıda oxuyur. Ona bankdan pul göndərmək üçün atam kənddən rayona gedir. Kəndin özündə belə vasitələr olsa, əlavə xərclər olmadan, asanlıqla pul göndərə bilərik".

Mövzuya münasibət bildirərkən Millət vəkili, iqtisadçı Vüqar Bayramov da bildirib ki, bu bərabərsizlik təkcə Azərbaycanda deyil, bütün keçmiş SSRİ ölkələrində müşahidə olunur: " Ümumiyyətlə, keçmiş SSRİ ölkələrində paytaxtla bölgələr arasında rəqəmsal istifadə baxımından fərqlər mövcuddur və təbii ki, Azərbaycanda da statistika və eyni zamanda aparılmış monitorinqlər göstərir ki, rəqəmsal inkişaf bölgələrlə müqayisədə paytaxtda və iri şəhərlərdə daha çox müşahidə olunur. Bu, həm bir tərəfdən infrastrukturun paytaxt və iri şəhərlərdə inkişaf etməsi ilə bağlıdır, digər tərəfdən isə təbii ki, bu, həm də rəqəmsal xidmətlərdən istifadə imkanları ilə bağlıdır. Paytaxt və iri şəhər sakinləri rəqəmsal xidmətlərdən daha yaxından istifadə edə bilər. Təəssüf ki, bölgələrdə yaşayanların bu imkanları məhduddur".

Ekspert bərabərsizliyi aradan qaldırmaq üçün təkliflərini də qeyd edib: " Biz təklif edirik ki, bölgələrdə rəqəmsal inkişafla bağlı ayrıca proqram və layihələr həyata keçirilsin və dövlət tərəfindən, xüsusən də bölgələrdə rəqəmsal inkişafın təşviqi reallaşsın. Bölgələr üçün daha aşağı tarifli internet xidmətlərinin təklif edilməsi mümkündür və eyni zamanda, xüsusən də vətəndaşlarımızın daha çox istifadə etdiyi sosial obyektlərdə texnologiya və kompüterdən daha çox istifadə olunması və onların pulsuz internetin quraşdırılması səviyyəsinin artırılmasına ehtiyac var. Düşünürəm ki, bütün bunlar rəqəmsal fərqin aradan qaldırılması və bölgələrdə də rəqəmsal biliklərin, eləcə də xidmətlərin genişləndirilməsinə gətirib çıxara bilər".

Rəqəmsal uçurum bölgələrdəki şagirdlərin öyrənmə və inkişaf bacarıqlarına da təsir göstərir. 
İnternetə çıxışları olmadığından texnoloji yenilikləri izləyə , texniki bacarıqlarını inkişaf etdirə
bilmirlər.Pandemiyanın ölkəmizə gəlməsi və bu zaman distant təhsilə keçid əslində paytaxtla bölgələr arasında rəqəmsal uçurumun nə qədər dərin olduğunu göstərdi. Bölgələrdə zəif internet təminatı səbəbindən şagirdlər distant təhsildə iştirak edə bilmədi. Bunun əvəzinə isə 60-70-ci illərin texnologiyasından istifadə edildi. Yəni dərslər televiziya vasitəsilə keçirilməyə başlandı. Pandemiya əslində rəqəmsallaşmaya, internetə nə qədər ehtiyac olduğunu bir daha göstərdi.

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, dövrümüzdə İKT əsaslı təhsil çox vacib bir hala gəlib: "Çünki ənənəvi təhsildə əsas məsələ məzmunun öyrədilməsi qavradılması idi. Müasir təhsildə isə əsas məsələ məlumatın tapılması, müqayisə olunması, bir-biri ilə əlaqələndirilməsi, isbat olunması, təkzib olunması kimi məsələlərdir. Ona görə də məlumatın tapılması, araşdırılması kimi məsələlər birbaşa internetlə əlaqəli olduğu üçün internetə əlçatanlığın olmadığı yerlərdə təhsil bir neçə addım geriyə düşür. Ümumi götürdükdə isə kompüterin internetin olmamağı təhsilin, tədrisin formasına birbaşa təsir edir".
Ekspert əlavə edib ki, bölgələrdə yaşayan şagirdlər texnologiya ilə tanış olmaması onların peşəseçiminə də öz təsirini göstərəcək:" Bölgələrdə yaşayan şagirdlərin texnoloji bilikləri olmadığı üçün gələcəkdə müəyyən peşələrdə uğursuz olurlar. Onlar əmin peşələrə yiyələnə bilmədikləri üçün ənənəvi peşələri seçirlər. Müasir peşələr isə şəhərdəki rəqəmsallıqla tanış olan insanların seçəcəyi peşələr olacaq. Bu da əlbəttə ki, iqtisadi, sosial siniflər arasında uçurumu böyüdəcək və sosial sinifləri yerlərinə bərkidəcək. Ona görə də əslində İKT təhsilin dəstəklənməsi, tədrisin interneti ilədəstəklənməsi, sosial bərabərlik və sosial ədaləti təmin etmək üçün bir fürsətdir".


Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir.( Rene Dekart )

Düşünürəm ki, rəqəmsal uçurum bölgələrin lazımi avadanlıqlarla təmin olunması ilə aradan qaldırıla 
bilməz. Əvvəlcə fərdlər informasiya və kommunikasiya vasitələrindən necə istifadə  etmək lazım olduğunu bilməlidirlər. Bunun üçün ilk növbədə rəqəmsal savadlılığı artırmaq lazımdır. Həmin vətəndaşlarda şəbəkə cihazlarından istifadə biliyi və bacarığı yaratmaq lazımdır. Eyni zamanda həmin vətəndaşlar praktiki olaraq da bunları tətbiq etməyi bacarmalıdır. Əlbəttə, internet olmadan 
maariflənmədən söhbət gedə bilməz. Əvvəlcə bölgələri sürətli internetlə təmin etmək lazımdır. 
Nəzərə alsaq ki, bölgələrdə insanlar mobil internet paketlərindən istifadə edirlər. Bu həm bahalı, həm 
də keyfiyyətsiz xidmət deməkdir. Əgər bölgələrin rəqəmsallaşmasını istəyiriksə, ilk dövr üçün onları 
ucuz və keyfiyyətli internetlə təmin etməliyik. Baha olduğu təqdirdə fərdlər həm bu bahalı internet 
paketini almaqdan, həm də rəqəmsallaşmadan imtina edə bilər. Və ilk dövr üçün internet 
ödənişlərinin bir qismini dövlət hesabına qarşılamaq olar.
İnternet hər kəsə sürətli formada əlçatan olduqdan sonra vətəndaşların elektron xidmətlərdən 
istifadəsi üçün zərurət yaratmalıyıq. Məsələn, bir xidmət yalnız onlayn təqdim olunsa, vətəndaş 
ondan istifadəyə məcbur olacaq. Pandemiya dövründə icazə sistemi məhz bu şəkildə idi.

Rəqəmsal boşluğu aradan qaldırmaq üçün müxtəlif təşkilatlar yaratmaq lazımdır. Bu təşkilatlar rayon icra hakimiyyətləri tabeliyində fəaliyyət göstərib vaxtaşırı vətəndaşlarla maarifləndirmə işləri apara bilər. Həmin təşkilat təkcə bununla kifayətlənməməli, eyni zamanda vətəndaşlara praktiki biliklər də aşılamalıdır.
Paytaxtdan kənarda, ucqar bölgələrdə yaşayan aztəminatlı ailələri öz ərazilərində sərfəli internet 
paketləri və cihazları ilə təmin edən qeyri-kommersiya təşkilatı yaratmaq olar. Həmin təşkilat milli provayderlərlə əməkdaşlıq edə bilər. Amerika Birləşmiş Ştatlarında yaradılan "EveryoneOn" 
proqramının təcrübəsinə müraciət etmək olar. Həmin proqram bacarıqlarını artırmaq istəyən 
ortayaşlılar üçün bir sıra pulsuz rəqəmsal savadlılıq təlim proqramları da həyata keçirir. 

Azərbaycanda da daim rəqəmsallaşma yönündə işlər görülür. Elektron xidmətlər təkmilləşdirilir, 
layihələr tərtib olunur. Bu sahədə Elektron Hökümətin İnkişafı Mərkəzinin əməkləri danılmazdır. 
EHİM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır.

EHİM vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq 
məqsədilə çoxşaxəli tədbirlər həyata keçir. Mərkəz, “myGov”, “e-Gov” elektron hökumət portalları, 
“ASAN Login”, “ASAN Finans”, “ASAN ödəniş” sistemi, “ASAN Viza”, “e-Agro”, “e-Satınalma və digər layihələrinin fəaliyyətini təmin edir.

Bəs EHİM-in təqdim etdiyi rəqəmsallaşma bizə nə qazandırır?
- Sürətli iş prosesi;
-Vaxta və pula qənaət;
-Kağız, çap, arxiv xərclərinin aradan qalxması;
-Məhsuldarlığın artması;
-Ticarətin sürətlənməsi;
-Lazımsız iş yükünün azaldılması;
-Axtarılan məlumata saniyələr ərzində çatmaq;
-Səhv nisbətinin azalması;
-Bürokratiyanın qarşısının alınması;
- Və kağızdan istifadə azaldığı üçün ağac kəsilmələrinin qarşısının alınması.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökümətin İnkişafı 
Mərkəzi, ASAN xidmət mütəmadi olaraq rəqəmsallığın inkişafı yönündə işlər görür. Ancaq bütün məsuliyyəti onların üzərinə yükləyə bilmərik. Burada həm vətəndaşlar öz biliklərini paylaşmalı, həm də media vaxtaşırı maarifləndirmə işləri aparmalıdır. Nəzərə alsaq ki, ucqar rayonlarda ucuz və əlçatanlıq səbəbindən hər kəs informasiyanı tv-dən alır. Bu zaman əsas missiya tvlərin üzərinə düşür.

Qeyd: Bu məqalə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün 
hazırlanıb.

Qumral Əliyeva