Azərbaycanın görkəmli hüquqşünası İlham Rəhimovun ad günüdür - FOTO
    • 14-01-2019, 12:09
    • 3 187

Azərbaycanın görkəmli hüquqşünası İlham Rəhimovun ad günüdür - FOTO

Bu gün görkəmli hüquq elmləri doktoru, professor İlham Rəhimovun ad günüdür.

İlham Rəhimov 1951-ci ilin 14 yanvarında Tovuz rayonunda anadan olub. 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş və 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır. Onun elmi rəhbəri Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru, Rusiya Təhsil Nazirliyinin hüquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev (1923-2004) olmuşdur.
İlham Rəhimov 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.

Azərbaycanın ən nüfuzlu və hörmətli şəxslərindən sayılan İlham Rəhimov əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlamış, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmişdir. 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik idarəsinin müdiri vəzifəsində işləmiş, Kollegiyanın üzvü olmuşdur. Həmin dövrdə İlham Rəhimov tərəfindən çoxlu sayda normativ aktlar, eləcə də qanunvericilik aktları üzrə nəticələr hazırlanmışdır.
1992-1996 illərdə Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri üzrə Elmi-tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir.
1996-2000-ci illərdə müxtəlif ali məktəblərdə hüquq fənnindən dərs demiş, eləcə də Ali Diplomatiya Kollecində (indiki Avrasiya Universitetində) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
Cinayət və islah-əmək hüququ üzrə yüzə yaxın elmi məqalələrin, eləcə də bir neçə məhkəmə və qanunvericiliyin fundamental problemlərinə həsr olunmuş monoqrafiyaların müəllifidir. Onun yaradıcılığında "İslah-əmək təsirinin nəzəri və praktiki problemləri" (Bakı, 1981), "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" (Bakı, 1987), "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" (Bakı, 1998), "Cinayətkarlıq və cəza" (Moskva, 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (S.-Peterburq, 2013) kitabları mühüm yer tutur.
İ.M.Rəhimov 1992-1993 illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olmuşdur. 1994-cü ildə isə cinayətkarlıqla mübarizə üzrə dövlət proqramını hazırlamışdır.
O, 18 aprel 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilmişdir. İlham Rəhimov bu akademiyanın akademiki adına layiq görülmüş ikinci azərbaycanlıdır.

İlham Rəhimovun müəllifi olduğu "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi", "Cinayətkarlıq və kibernetika", "Zorakı və tamah xarakterli cinayətlərin krimonoloji analizi", "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri", "Cinayətkarlıq və cəza", "Cinayət və cəzanın fəlsəfəsi", "Cəzanın əxlaqiliyi haqqında", "Ölməz ölüm cəzası", "Müasir mərhələdə Rusiyada və dünyada terrorizm" kimi elmi-fəlsəfi kitabları ingilis, türk, bolqar, ivrit, alman, italyan və bir neçə dillərə tərcümə edilmişdir.

Fəaliyyət dövründə bir çox yüksək mükafatlara layiq görülmüş və təltif edilmişdir. Həmin mükafatları təqdim edirik:

2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunmuşdur. O birinci azərbaycanlıdır ki, bu ordenə layiq görülmüşdür.

27 avqust 2009-cu ildə Beynalxalq Qara dəniz və Xəzər dənizi əməkdaşlıq və tərəfdaşlıq fondunun direktorlar Şurasının Fəxri üzvü seçilmişdir. Xalqlar və dinlərin bir-birinə yaxınlaşması, eləcə də cəmiyyətin inkişafında xidmətlərinə görə Beynəlxalq fondun diplom və medalları ilə təltif edilmişdir. Fondun ilk diplomu Azərbaycan alimi, professor İ.Rəhimova verilmişdir.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilmişdir.

2011-ci ildə Fransanın “Beynalxalq İnsan hüquqları müdafiə komitəsinin” I dərəcəli (ali) “Aypara və ulduz” ordeni ilə təltif edilmiş və ona Beynəlxalq “Aypara və ulduz” ordeninin kavaleri fəxri adı verilmişdir.

2014-cü ilin fevral ayında mərkəzi ofisi Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adına layiq görülmüşdür.

9 mart 2014-cü ildə İstanbul şəhərində “Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfəyə görə” mükafata layiq görülmüşdür.

12 noyabr 2014-ci ildə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının "Doktor Honoris Kauza" ali mükafatı təqdim olunmuşdur.

2015–ci ildə demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətlərinə görə Femida ali hüquq mükafatına layıq görülüb.

19-21 yanvar 2016-cı il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində "Qara dəniz-Xəzər regionu ölkələrində hüquq nəzəriyyəsi və praktikasının inkişafında aktual problemlər” mövzusunda beynəlxalq dəyirmi masa keçirilmiş, yekunda Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası yaradılmış və bu qurumun rəhbəri seçilmişdir.

9 mart 2016-cı il tarixində Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə İ.M.Rəhimov akademiyanın “Fəxri professoru” adına layiq görülmüşdür. Eyni zamanda O, Rusiya Vəkillər Gildiyasının “Vəkilliyin inkişafındakı xidmətlərinə görə” fərqlənmə nişanı ilə təltif edilmişdir.

2017-ci ilin sentyabr ayında Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Mahmud Qaşqari adına Beynəlxalq Fondun mükafatına layiq görülmüşdür.

İlham Rəhimov İslah-əmək təsirinin nəzəri və praktiki problemləri (Bakı, 1981); Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi (Bakı, 1987); Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri (Bakı, 1998); Cinayətkarlıq və cəza (Moskva, 2012); Cinayət və cəzanın fəlsəfəsi (Sankt-Peterburq, 2013) kimi elmi əsərlərin müəllifidir.

İlham Rəhimov haqda dünyanın bir çox tanınmış siyasət və elm adamları, görkəmli şəxsiyyətlər yüksək fikirlər söyləmiş, onun timsalında Azərbaycana olan rəğbətlərini ifadə etmişdirlər.

"Liatris Holding", eləcə də News24.Az kollektivi olaraq, Azərbaycanın görkəmli hüquqşünası İlham bəy Rəhimovu təbrik edirik!