Türkiyə “Ərəb baharı”na son qoyur – Tarixi barışıq ola bilər
    • 29-11-2022, 15:47
    • 323

Türkiyə “Ərəb baharı”na son qoyur – Tarixi barışıq ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşüb-görüşməyəcəyi barədə verilən sualı cavablandırarkən deyib ki, “siyasətdə küskünlük yoxdur. Əvvəl-axır bu istiqamətdə addımlar atacağıq”.

Prinsip etibarilə Ərdoğanın bu açıqlaması gözlənilən idi. Belə ki, BƏƏ, Səudiyyə Ərəbistanı və son olaraq Misir ilə münasibətlərin normallaşması istiqamətində konstruktiv addımların atılmasından sonra növbəti mərhələdə Suriya ilə də əlaqələrin qaydaya salınmasına dair cəhdlərin olacağı gözlənilirdi.

Təsadüfi deyil ki, bir müddət öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə münasibətlərinin normallaşması barədə danışarkən demişdi ki, “iki ölkənin xüsusi xidmət orqanları vasitəsilə danışıqlar başlanılıb”.

2023-cü il seçkilərinə hazırlıq

Aydın məsələdir ki, 2023-cü il seçkilərindən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan digər ölkələr kimi Suriya ilə də münasibətlərin normallaşmasını istəyir. Bu mənada Bəşər Əsədlə təmasların qurulması mümkündür. Hətta tərəflər arasında görüşün keçirilməsi də istisna deyil.
Mümkündür ki, Ərdoğan ilə Əsəd arasında ilkin olaraq telefon danışığı baş tutsun. Lakin bütün bunlar baş vermədən öncə Ərdoğan həm daxili auditoriyanı, həm də müxalifəti bu görüşə hazırlamalıdır. 

Kremlin vasitəçilik səyləri

Suriya və Türkiyə liderlərinin bir araya gələrək mövcud problemləri həll edib, əvvəlki səviyyədə təmaslar qurmasında ən çox maraqlı olan tərəf, şübhəsiz, Rusiyadır. Kreml bu günə qədər bir neçə dəfə tərəfləri ortaq məxrəcə gətirməyə səy göstərib. Sonuncu belə təşəbbüs isə Putin tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitində baş tutdu. Belə ki, Kreml rəhbəri sammitdə hər iki ölkə başçısını çağırsa da, Əsəd görüşdə iştirak etmədi. 

Kreml sözçüsü Dmitri Peskov isə bir neçə gün öncə bildirdi ki, Türkiyə və Suriya prezidentləri nəzəri olaraq Rusiyada görüşə bilərlər, lakin bununla bağlı razılaşma yoxdur. Ehtimal ki, tərəflər bir araya gəlsə, bu, Moskvada və ya Soçidə baş tutacaq görüşdə ola bilər. 

Antiterror əməliyyatları normallaşma prosesini baltalaya bilər?

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirməsi ehtimal olunan quru əməliyyatları bu sualı aktuallaşdırır. Əvvəla, onu qeyd edim ki, Türkiyənin ilk hədəfinin Ayn Əl-Ərəb, Menbiç və Tel-Rıfat olacağı gözlənilir. Əsəd rejimi isə hazırda bu bölgələrə nəzarət edə bilmir. Etsəydi, Türkiyənin müdaxiləsinə ehtiyac yaranmazdı. Rəsmi Ankara beynəlxalq hüquqa əsasən bu bölgələrdə antiterror əməliyyatı həyata keçirə bilər. 
Türkiyənin məqsədi Suriya ərazilərini ilhaq etmək deyil. Türk ordusu 30 km-lik təhlükəsizlik xətti yaradıb, terror şəbəkələrini məhv etdikdən sonra Suriyanı tərk edəcək. 

Yəni antiterror əməliyyatları iki ölkə münasibətlərinin normallaşmasına mane olmadığı kimi, fayda belə verə bilər.

Müəllif: Politoloq Turan Rzayev