Gecə idman zalında qadın sevgilisini bıçaqladı: "Məni qucaqladı ki..." - Bakıda ŞOK
    • 4-12-2022, 15:24
    • 281

Gecə idman zalında qadın sevgilisini bıçaqladı: "Məni qucaqladı ki..." - Bakıda ŞOK

Bakının Nəsimi rayonunda 1977-ci il təvəllüdlü Samirə şəxsi münasibətlər zəminində sevgilisi Seymuru (adlar şərti verilib - red.) bıçaqlayıb.

News24.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il dekabrın 6-da, gecə saat 00.40-də "Oscar" idman zalının istirahət otağında baş verib. Samirə qısqanclıq zəminində mübahisə zamanı Seymura bıçaqla xəsarət yetirib.
Samirənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Samirə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, övladları ilə birlikdə kirayədə yaşayır: "1994-cü ildə Sadiq adlı şəxslə ailə həyatı qurmuşam. Bu nikahdan Valeh və Şirvan adlı iki övladım olub. 2013-cü ildə rəsmi şəkildə Sadiqdən boşandım. Boşanma ərəfəsində biz, yəni iki övladım və keçmiş həyat yoldaşımla birlikdə Moskva şəhərində yaşamışıq. Son 2 ildə Bakıda övladlarımla birlikdə yaşayıram. Ailəmi dolandırmaq üçün yaşadığım yerə yaxın ərazidə, "Memar Əcəmi" metrostansiyasi yaxınlığında yerləşən "Əcəmi pub" kafesində xidmətçi vəzifəsində çalışmışam.

Həmin kafedə işlədiyim müddətdə bu iş üzrə zərərçəkmiş Seymurla tanış olmuşam. Seymur mənə və övladlarıma maddi cəhətdən kömək edib. Daha sonra onunla dost olmuşam, get-gedə münasibətlərimiz daha da yaxınlaşdı və artıq qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Seymur həmçinin onun yaşadığı evə gəlib: "Övladlarım da bizim münasibətlərimizi bilib. Bu məsələyə normal yanaşıblar. Seymur rəsmi şəkildə evli idi, iki övladı olsa da, ailəsi ilə yox, mənimlə birlikdə yaşayırdı".

Samirə qeyd edib ki, hadisədən 15 gün qabaq Seymur onların kirayə yaşadıqları evə yaxın ərazidə "Oscar" idman zalını icarəyə götürərək işlədib: "Seymur hər axşam işlədiyim "Əcəmi pub" kafesinə gəlir və birlikdə həmin zala gedirdik. Seymurla birlikdə həmin zalda yerləşən otaqda gecələyirdik. Lakin Seymur məni hər şeyə görə qısqanırdı, işdən gec çıxdıqda deyinirdi".

Samirə bildirib ki, həmişəki kimi dekabrın 5-də yenə də saat 23.55-də işdən çıxaraq Seymurla birlikdə onun işlətdiyi idman zalına gediblər: "Bu zaman zalda idman edən iki nəfər vardı. Seymurla zalda yerləşən içəri otağa keçdik. Mənə yenə qısqanclıq zəminində suallar verməyə başladı. Mənə dırnaqlarımın niyə boyalı olduğunu, işdən niyə gec çıxdığımı və bu hərəkətlərimin nə qədər davam edəcəyini bildirdi, üz nahiyəmdən şillə ilə və daha sonra təpiklə qoluma vurdu.

Seymurun tələblərinə əməl edəcəyimə söz verdim. Həmin söhbət zamanı otağın pəncərəsinin çərçivəsində bıçaq gözümə dəydi.
Seymurun şillə ilə vurması məndə əsəb yaratdığından bıçağı götürdüm və Seymuru qorxutmaq istədim. Bu zaman Seymur məni bərk qucaqladı. Ondan məni buraxmasını istədim. Lakin məni buraxmadı. Güc tətbiq edərək çıxmaq istəyərkən həmin bıçağı sağ əlimlə götürdüm, Seymurun kürək nahiyəsindən bir dəfə vurdum. Binaya rəhbərlik edən Sahibə zəng vurdum, ondan kömək istədim".

Samirə deyib ki, 3-4 dəqiqədən sonra küçəyə çıxıb və Sahibi qarşılayaraq zala gətirib: "Seymur Sahibə mənim bıçaqladığımı bildirmədi. Sahibdən onu Təcili tibbi yardıma çatdırmasını xahiş etdi. Təqribən 20-30 dəqiqədən sonra təcili yardım avtomobili gəldi. Seymuru təcili yardım maşınına mindirərək xəstəxanaya apardıq. Orada Seymuru əməliyyat etdilər".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Samirənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Samirə 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.