FHN Bakıda kişi geyim mağazasını bağladı - VİDEO
    • 6-12-2022, 20:47
    • 334

FHN Bakıda kişi geyim mağazasını bağladı - VİDEO

Bakının Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi, 1B ünvanında yerləşən “Aventos” kişi geyimləri mağazasının fəaliyyəti yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edildiyinə görə dayandırılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin keçirdiyi yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb, elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların və normativ sənədlərin tələblərinə uyğun olaraq quraşdırılmayıb, yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb, insanların köçürülməsi üçün nəzərdə tutulmuş ehtiyat təxliyə yolu əşyalarla tutulub, obyekt ilkin yanğınsöndürmə alət və vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb, obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməyib və obyekt yanğın baş verən zaman insanların köçürülməsinə (təxliyəsinə) kömək edən qurğularla təmin olunmayıb.