Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Mərakeşdə layihələr həyata keçirəcək
    • 11-12-2022, 20:35
    • 429

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Mərakeşdə layihələr həyata keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Mərakeşə səfəri çərçivəsində Krallığın iqtisadi inteqrasiya, kiçik biznes, məşğulluq və peşə bacarıqları naziri Yunes Sekkuri ilə görüş keçirilib.

News24.az xəbər verir ki, görüşdə Mavrikinin sabiq prezidenti Ameenah Qurib Fakim və Ekvadorun sabiq prezidenti Rozalia Arteaqo Serrano Mərkəzin reallaşdırdığı layihələr, Qlobal Bakı Forumu haqda məlumat verərək, Mərkəzin Afrika regionunda fəaliyyətinin aktivləşdirilməsi istiqamətində Mərakeş Krallığı ilə reallaşdırılması nəzərdə tutulan layihələr, o cümlədən Afrika regionunda gənclərin təhsil və işsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Mərkəzin həmsədri Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqanın rəhbərliyi ilə böyük nümayəndə heyəti Mərakeşdə keçirilən BMT Sivilizasiyalar alyansının 9-cu Qlobal Toplantısında iştirak edib, həmçinin BMT Baş katibi, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi və Mərakeş Krallığının xarici işlər, Afrika ölkələri ilə əməkdaşlıq və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə nazir ilə görüşlər keçirib.