Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşdü
    • 15-12-2022, 13:25
    • 425

Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşdü

Dekabrın 15-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

Nazirlər Kabinetindən News24.az-a bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb.

Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.