"Vasif Talıbov dövlətin əleyhinə getdiyi üçün işdən çıxarıldı" - Natiq Miri
    • 21-12-2022, 13:43
    • 730

"Vasif Talıbov dövlətin əleyhinə getdiyi üçün işdən çıxarıldı" - Natiq Miri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. O, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.

Politoloq Natiq Miri hadisə ilə bağlı düşüncələrini News24.az-a bölüşüb.

O bildirib ki, hazırda dövlət əleyhinə gedən proseslərin qarşısının alınması ilə bağlı atılan addımları müşahidə edirik: “Bu da Naxçıvanda mövcud olan idarəetmə sisteminin dəyişməsi ilə mümkündür. Artıq kuliminasiya nöqtəsidir. Bundan sonra Naxçıvanda mərkəzləşdirilmiş qaydada idarəetmə sistemi olacaq. Biz Naxçıvanın mərkəzdən kənar idarəetmə sisteminin ləğv olunmasını müşahidə edirik. Mərkəzləşmiş formada idarəetmənin mövcudluğu gələcəkdə Qarabağdakı danışıqlarda ermənilərin yaşadığı ərazilərə xüsusi status tələb etmə məsələsinin də önünə keçəcək. Mənə elə gəlir ki, addımların bir yönü də təxminən bu mahiyyətdədir”. 

Politoloq əlavə edib ki, burada qazanan bütövlükdə Azərbaycan dövləti və Naxçıvanda yaşayan əhalidir: “Artıq xalqın gözləntilərini qarşılayan, fərqli bir idarəetmə sistemi mövcud olacaq. Naxçıvan camaatı sevinməyə başlayacaq. Naxçıvandan qaçanlar öz yurdlarına geri dönəcək. Müsbət hadisələr olacaq”.