“Azərbaycan antiterror əməliyyatı keçirə bilər, hadisələr qızışacaq” – Ekspert
    • 5-01-2023, 15:12
    • 453

“Azərbaycan antiterror əməliyyatı keçirə bilər, hadisələr qızışacaq” – Ekspert

“Fransa başda olmaqla bir sıra ölkələr Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bəzi təşkilatlar Azərbaycanla prosesi yenidən qızışdırmağa, hətta müharibə kontekstinə keçirməyə səy göstərirlər”.

Bu fikirləri News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Ekspert bildirib ki, Azərbaycan Ermənistanın istənilən təxribatına layiqli cavab vermək qüdrətində və iqtidarındadır. Digər tərəfdən, rəsmi Bakının Xankəndidə öz suverenliyini bərpa etmək kimi bir hüququ mövcuddur: “O ki qaldı rəsmi Bakının Xankəndidə antiterror əməliyyatı icra edib, separatçı liderləri ələ keçirməsinə, bu, mümkündür. Ümumiyyətlə, 2023-cü ildə biz belə bir antiterror əməliyyatı görə bilərik. Çünki 10 noyabr bəyanatının müvafiq bəndləri hələ də icra edilməyib. Digər tərəfdən, Rusiya sülhməramlılarının fəaliyyəti də qənaətbəxş deyil. Erməni milyarder Ruben Vardanyanın da regiona gəlişi və son hadisələr prosesin qızışa biləcəyini göstərir. R.Vardanyan Rusiyada öz çirkli və illeqal fəaliyyəti ilə qanunsuz qərarlar qəbul edib. Qarabağda Rusiyanın arzularını və planlarını yerinə yetirmək üçün əraziyə göndərilib”.

O əlavə edib ki, Araik Arutyunyan və Paşinyanyanın adamları qondarma-seperatçı rejimdə təmsil olunaraq Rusiyanı qane etmirdilər: “Rəsmi Moskva Xankəndidəki seperatçıları idarə etmək üçün öz adamını oraya göndərib. R.Vardanyanın Qarabağda mövcudluğu vəziyyətin gərginləşməsinə, Azərbaycanla münasibətlərin pisləşməsinə və Xankəndidə yaşayan erməni əsilli əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına əngəl olmaq niyyətindədir. Ümumiyyətlə, Rusiya Qarabağda gərginliyin saxlanılmasında maraqlıdır. Onlar düşünürlər ki, burada nə qədər gərginlik olarsa, Rusiyanın Cənubi Qafqazda mövcudluğuna bir o qədər şərait yaranar. Bölgədə seperatçıların qalmasının ən böyük səbəbkarlarından biri Rusiyadır”.