"Bandotdel” əməliyyat keçirdi – Fransadan Bakıya gələrkən tutuldu
    • 13-01-2023, 18:25
    • 258

"Bandotdel” əməliyyat keçirdi – Fransadan Bakıya gələrkən tutuldu

Azərbaycana məxsus rəsmi sənədləri saxtalaşdıraraq Fransanın dövlət qurumlarına təqdim edən şəxs Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl baş verib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan və barəsində Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə iş açılan 1988-ci il təvəllüdlü Zeynal Əliyev barəsindəki işə Səbail Rayon Məhkəməsində baxılıb. 

İş materiallarından məlum olub ki, Zeynal Bakıda Azərbaycan Beynəlxalq Bankında həyat yoldaşı ilə birgə işləyib. Lakin o, daha sonra arvadı ilə birgə işdən çıxaraq Fransanın Metz şəhərində yaşayan anasının yanına köçüb. Daha sonra Zeynal sosial şəbəkə vasitəsilə xalası oğlu Nicatla əlaqə saxlayaraq ona 5 fayl sənədlər göndərib və onların rəngli formada print edilərək geri Fransaya göndərilməsini xahiş edib. Saxtalaşdırılmış bu sənədlər isə hərbi xidmətə çağırış və axtarışda olmaqla bağlı olub. 

Məhkəmədə Zeynal Əliyev əslində Azərbaycana qayıtmaq üçün sənədləri saxtalaşdırdığını deyib: “Əvvələr bir çox şirkətlərdə, eləcə də həyat yoldaşımla birgə “Azərbaycan Beynəlxalq Bankı”nda işləmişəm. Lakin anam Fransada tək tək olduğu üçün məndən dəfələrlə xahiş etmişdi ki, ailəmlə birgə yanına Fransanın Metz şəhərinə köçüm. Mənə Fransaya getdikdə işlə təmin olunacağım deyilmişdi. Anamın dəvəti ilə ailəmlə Fransaya getsəm də, orada iş tapa bilmədim və müvəqqəti qeydiyyata da düşə bilmədim. Fransada yaşadığım müddətdə ikinci övladım dünyaya gəldi. Həmin uşağın xəstəliyi olduğu üçün yenidən Azərbaycana qayıtmaq istəyirdim. İkinci uşaq xəstə doğulduğu və daimi olaraq qulluq lazım olduğu üçün həyat yoldaşım mənimlə razılaşmırdı. Hərbi xidmətə getmədiyim üçün düşündüm ki, poçt vasitəsilə Bakı şəhərindən mənə çağırış məktubu və axtarışa verilməm barədə sənəd gələrsə, ailəmi razı salıb Bakı şəhərinə qayıda bilərəm. Buna görə də çağırış məktubunun nümunəsinı, həm də axtarış qərarırı tapıb, onları qrafik proqramla hazırladım. Möhürü və adları saxtalaşdırdım. Bakı şəhərində yaşayan xalam oğlu Nicata həmin faylları göndərdim və xahiş etdim ki, mənə göndərəcəyi sənədləri rəngli printerdən çap edib, poçt vasitəsilə Fransada yaşadığım ünvana göndərsin. Əsas məqsədim oradan öz vətənimə qayıtmaq idi. Nicata saxta iki ədəd axtarış elan edilməsi barədə qərarı və bir neçə çağırış məktubu göndərmişəm. Sonradan eşitdim ki, poçt məntəqəsində həmin məktub açılıb, saxta sənədlər müəyyən edilib və bu səbəbdən Nicatın barəsində cinayət işi başlanıb. Sonradan şəxsiyyət vəsiqəmin və pasportumun vaxtı bitdiyi və əvəzlənməsi üçün Azərbaycan Respublikasının Fransada yerləşən səfirliyinə müraciət etdim. Orada mənə axtarışda olduğumu bildirdilər və saxta sənəd düzəltməyə görə axtarışda ola biləcəyimi başa düşdüm. Buna görə də könüllü olaraq Bakıya qayıtdım. Axtarışda olduğu üçün hava limanında polislər məni saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər”.

Araşdırmalar zamanı məlum olub ki, Zeynalın xalası oğlu Nicata görə bu əmələ görə pul cəriməsi cəzası tətbiq edilib.
Səbail Rayon Məhkəməsi Zeynal Əliyevin barəsindəki cinayət işi üzrə hökmü elan edib və ona 5 min manat cərimə cəzası verilib.

Taleh BAĞIROV