Milli Məclisdə daha bir yer boşala bilər - Vasif Talıbovun mandatı əlindən alınır
    • 20-01-2023, 17:10
    • 242

Milli Məclisdə daha bir yer boşala bilər - Vasif Talıbovun mandatı əlindən alınır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun deputat mandatı ləğv oluna bilər. 

Vasif Talıbov Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən istefa versə də, Milli Məclisin deputatı kimi qalır. O, 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçlib. 

İddialara görə, Talıbovun səhhətinə görə istefa verməsi əslində məsələnin əsl mahiyyətini gizlətmək məqsədi daşıyır. Yəni, "xan”ın istefasının əsl səbəbi mərkəzi hakimiyyətə tabesizlik, vahid siyasəti xəttdən sapma ilə izah edilir. Bu barədə əslən Naxçıvandan olan ictimai-siyasi fiqurlar da mediaya açıqlamalarında bildirib.

Vasif Talıbovun istefasından sonra Yeni Azərbaycan Partiyasının Naxçıvan MR təşkilatının rəhbərliyindən də uzaqlaşdırılması, eyni zamanda vəzifədə olan ona yaxın şəxslərin işdən çıxarılması, "xan”ın 27 illik fəaliyyəti ilə bağlı ciddi araşdırmaların aparılması, adının korrupsiyada hallandırılması onun karyerasını deputat kimi davam etdirməsinə imkan veriləcəyinə şübhə yaradır. Ehtimal olunur ki, parlamentin yaz sessiyasında onun deputat mandatı ləğv oluna bilər. Yaz sessiyası fevralın 1-dən başlayır. Talıbovun mandatı ləmv ediləcəyi təqdirdə Milli Məclisdə boş qalmış yerlərin sayı 7-yə çatacaq.

Məlumat üçün deyək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 seçki dairəsinin nəticələrini ləğv edib. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

Bundan başqa, 2020-ci ilin avqustun 4-də Fəttah Heydərov vəfat etdiyinə görə, 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb. 

Boş qalan dairələrdən biri də 55 saylı Xaçmaz seçki dairəsidir. Bu dairənin təmsilçisi Eldəniz Səlimov olub. 2021-ci il iyulun 29-da Xaçmazdakı "Starıy Dvor” restoranında polis əməkdaşına zor tətbiq etməsi ilə bağlı onun barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi başlanıb. Bu baxımdan, deputatlıq mandatı ləğv olunub. Eldəniz Səlimov bu iş üzrə təqsirli bilinərək 3 il 6 ay  azadlıqdan məhrum edilib. /Qaynarinfo/