Azərbaycanda 43 yaşlı kişi qonşunun 7 yaşlı qızına təcavüz etdi
    • 21-01-2023, 12:35
    • 297

Azərbaycanda 43 yaşlı kişi qonşunun 7 yaşlı qızına təcavüz etdi

İsmayıllı rayonunda qonşusunun 7 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyun aynın 1-də saat 19:30 radələrində Hacıhətəmli kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Zaur Əzizov (soyad şərtidir) sərxoş halda qonşusunun 7 yaşlı qızına təcavüz edib.

Belə ki, həmin gün Zaur yaşadığı evdə spirtli içki qəbul edib. Daha sonra o, küçəyə çıxıb və uşaqların oynadığını görüb. Sərxoş halda olan Zaur qonşunun 2015-ci il təvəllüdlü qızı Melisanı (ad şərtidir) çağıraraq ona alça verəcəyini deyib. Uşaq aldanaraq onunla həyətə daxil olub, ağacdan bir qədər alça topladıqdan sonra Zaur azyaşlıya çay vermək adı ilə onu evə qaldırıb. Bu zaman o, azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Azyaşlı qışqırdıqda o, əli ilə onun ağzından tutaraq iyrənc niyyətini həyata keçirib.

Daha sonra yaşadığı evə gedən uşaq hadisə barədə evdəkilərə deyib və Zaur barəsində polisə şikayət edilib. O tutulub və barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları daha sonra Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hakimi Bilal Məmmədovun sədrliyi ilə keçirilən proses yanvarın 18-də başa çatıb. Zaur Əzizov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisəni törədən şəxs 2019-cu ildə boşanıbmış və 2 uşaq atasıdır. Onun 2015-ci ildən spirtli içki aludəçisi kimi xəstəlikdən əziyyət çəkən şəxs olaraq xəstəxanada qeydiyyatda olması məlum olub.

Z.Əzizov məhkəmədə hadisəni spirtli içkinin təsiri altında törətdiyini deyib və qonşu ailədən üzr istəyib.

Taleh BAĞIROV