"Cərimə vermək olardı, amma..." - Qurban Qurbanov
    • 25-01-2023, 16:36
    • 245

"Cərimə vermək olardı, amma..." - Qurban Qurbanov

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda "Qarabağ" səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib. 

News24.az  xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport" telekanalına açıqlamasında görüşü dəyərləndirib: 

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbabosu təbrik etmək istəyirəm. Çox yaxşı hazırlıq keçiblər. Çox yaxşı komanda formalaşdırıb. Keçən ildən tam tam fərqli komanda idi. Futbolçularımı da təbrik edirəm. Çox gərgin oyunda vacib 3 xal qazandılar. İnşallah, komandanı daha yaxşı səviyyəyə gətirmək üçün qarşıdakı oyunlarda daha düzgün proqram üzərində çalışacağıq". 

- "Turan Tovuz"un hesabı bərabərləşdirdiyi qoldan sonra (2:2) sizin etirazınız oldu. Nəyə etiraz etdiniz?

- Səhv etmirəmsə, Leonun epizodu ilə bağlı idi. Cərimə vermək olardı. Amma hakim vermədi. Etirazım ona idi. Ondan əvvəl də bir neçə epizod oldu. Həm bizə tərəf, həm rəqibə tərəfə olan epizodlar. Bunlar oyunun emosialarıdır. Futbolçular kimi biz də gərgin idik. Bəzən bəsit hallarda oyun dayanırdı. Amma hər bir halda futbolun maraqlı epizodlarından biridir. 

- Qapıçınız Luka Quqeşaşvilinin çıxışı bəyəndiniz?

- Mən bu gün bütün komandanın çıxışından razı qaldım. Bu gün heç bir futbolçu tam futbol formasını bərpa etməyib. 1 aydan sonra əsas oyunumuza çıxdıq. Hazırda tək düşüncəmiz əlimizdə olan futbolçuların ustalıq səviyyəsini artırmaqdır. //fanat.az