Meşədə tapılan insan skeleti ilə bağlı bəzi təfərrüatlar məlum OLDU
    • 30-01-2023, 18:47
    • 411

Meşədə tapılan insan skeleti ilə bağlı bəzi təfərrüatlar məlum OLDU

Qəbələdə dünən meşədə tapılan insan skeleti ilə bağlı müəyyən detallar bəlli olub.

News24.az xəbər verir ki, qalıqların iki ay əvvəl itkin düşmüş qəbələli iş adamı Səyavuş Həmidova aid olduğu bildirilir. Bu, onun qardaşı tərəfindən də təsdiqlənib.

Bu gün Səyavuş Həmidovun ailə üzvləri və yaxınları qalıqların tapıldığı ərazidə olub, ona aid gödəkcə, telefon kartı və daraq tapıldığının da şahidi olublar. Səyavuş Həmidovun qardaşı Mehdi Həmidov dünən tapılan meyit qalıqlarının qardaşına aid olduğunu və bu gün tapılan əşyaların da bunu sübut etdiyini vurğulayıb. O, tapılan qalıqlarla bağlı ekspertizanın nəticələrinin yaxın günlərdə açıqlanacağını deyib.

Qeyd edək ki, Qəbələ sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlu ötən il noyabrın 29-da rayonda sahibi olduğu mağazadan çıxıb və geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub, tapılması istiqamətində axtarış tədbirlərə başlanıb.