Üçüncü Qarabağ savaşının anonsu verildi - Sabiq nazirdən MÜHÜM AÇIQLAMA
    • 2-02-2023, 12:29
    • 634

Üçüncü Qarabağ savaşının anonsu verildi - Sabiq nazirdən MÜHÜM AÇIQLAMA

"Beynəlxalq Böhran Qrupunun (ICG) yeni hesabatında Qarabağ uğrunda ikinci müharibədən iki il sonra Ermənistan və Azərbaycanın narahat şəkildə üçüncü savaşın başlamasına yaxınlaşdığı qeyd edilib. Hesab edirəm ki, irimiqyaslı hərbi əməliyyatların olması ehtimalı mümkün deyil".

Bu sözləri News24.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir hesab edir ki, Ermənistanın yeni müharibə üçün resursları yoxdur:

"Hansısa təxribatların olmasını istisna etmirəm. Amma irimiqyaslı müharibə ehtimalını görmürəm. Çünki bunun üçün iki ordu lazımdır. Azərbaycan və Türkiyə tandemində hərbi güc var, amma o biri tərəfdə yoxdur. Təbii ki, kimsə gəlib Ermənistan tərəfindən vuruşmağa həvəsli də deyil. Burada Rusiyanın olması ehtimalı var, amma hələlik onun başı Ukraynaya qarışıqdır. Fransa isə coğrafi baxımdan uzaqdır. İranın da vəziyyəti o səviyyədə deyil ki, gəlib vuruşsun. Təxribatları həmişə olduğu kimi Ermənistan edə bilər, amma Azərbaycan təxribata cavab səviyyəsində güc istifadə edə bilər".

T.Zülfüqarov Azərbaycan-Türkiyə tandeminin anti-İran qüvvələrinə dəstəyinin miqyası barədə də danışıb:

"Bu, Tehranın Azərbaycana qarşı hansı kursu seçməsindən asılıdır. Hesab edirəm ki, Qərbdəki anti-Azərbaycan və anti-Türkiyə qüvvələr bu tendensiyanı dəyişmək məcburiyyətində qalacaqlar. Hətta, İranın Zəngəzurdakı konsulluğunun da yaxın vaxtlarda bağlanacağı ehtimalı var".
Aynurə FATEH