Məhkəmə Kəmaləddin Heydərovun bacanağına qarşı iddianı rədd etdi
    • 4-02-2023, 11:14
    • 230

Məhkəmə Kəmaləddin Heydərovun bacanağına qarşı iddianı rədd etdi

Bakı Kommersiya Məhkəməsində "Diqlas 2" MMC-nin "Azsığorta" ASC-yə qarşı iddiasına baxılıb.

News24.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, MMC-nin iddiası rədd edilib.

Qeyd: "Diqlas 2" şirkəti "Azsığorta" ASC-ni məhkəməyə verərək sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verib. Rəsmi məlumata əsasən, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilən istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

“Diglas 2” MMC-nin qanuni təmsilçisi Araz Rəhimovdur. O, həm də “Diglas” Ticarət Mərkəzinin direktor müavinidir.

"Azsığorta” ASC 2006-ci ildə qeydiyyata alınıb. ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur. O, həm də ASC-nin İdarə Heyətinin sədridir.

Mediada gedən və təkzib olunmayana məlumatlara görə, "Azsığorta” ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu baxımdan, "Azsığorta” ASC Kəmaləddin Heydərovun biznes imperiyasının subyekti hesab edilir.

Mərkəzi Bankın qərarı ilə 15 sentyabr 2022-ci ildən “Azsığorta” ASC-nin fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi məhdudlaşdırılıb. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb”, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.