Qaradağda qanunsuz tikililər söküldü
    • 16-02-2023, 17:15
    • 298

Qaradağda qanunsuz tikililər söküldü

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.

News24.az xəbər verir ki, nəticədə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Qara-dərə adlanan Qış otlaq ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayı-ayrı şəxslər tərəfindən zəbt olunaraq qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

Belə ki, keçirilmiş monitorinqlər zamanı rayonun Müşviqabad qəsəbə inzibati ərazi dairəsi, Qara-dərə adlanan Qış otlaq ərazisində torpaq sahələrinin zəbt olunması və qanunsuz tikinti işlərinin aparılması cəhdlərinin qarşısı alınıb.

Qeyd olunan ünvanda naməlum şəxslər tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) olmadan zəbt olunmuş torpaq sahələrində qanunsuz olaraq aparılan hasarlanma işlərinin, həmçinin Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etmədən aparılmış tikinti işlərinin qarşısı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşviqabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Qaradağ Rayon Polis İdarəsi, 10 saylı Polis bölməsinin əməkdaşları tərəfindən alınıb.

Qanunsuz tikililər sökülərək və tikinti materialı (mişar daşı) daşınaraq ərazi əvvəlki vəziyyətə gətirilib. Ümumi olaraq isə fevral ayında rayon ərazisində 16 ədəd qanunsuz tikili aşkar edilərək sökülüb. Hazırda qəsəbələrdə qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi davam etdirilir.