Havaya atılan tullantıya görə zavod ikinci dəfə cərimələndi
    • 28-01-2019, 18:21
    • 1 173

Havaya atılan tullantıya görə zavod ikinci dəfə cərimələndi

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti araşdırma və monitorinq keçirilib.

ETSN-dən verilən məlumata görə, atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin dekabr ayında zavod barəsində akt, protokol tərtib olunmuş və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı rayon məhkəməsinə göndərilib.   


//OxuAz