Azərbaycanda bu ərzaq məhsulları BAHALAŞDI - QİYMƏTLƏR + SİYAHI
    • 17-02-2023, 17:01
    • 1 054

Azərbaycanda bu ərzaq məhsulları BAHALAŞDI - QİYMƏTLƏR + SİYAHI

2023-cü ilin yanvarında Azərbaycanda inflyasiyanın 13,6 faiz olmasında ərzaq məhsullarının və tütün məmulatlarının dəyərində yüksək artım əsas rol oynayıb. Ərzaq mallarının və tütün məmulatlarının dəyərində ümumilikdə 17,5 faizlik bahalaşma qeydə alınıb. Tütün məmulatları nəzərə alınmadıqda isə qida məhsullarında bahalaşma 18,1 faizə yüksəlib. 

Bəs bu ilin ilk ayında hansı ərzaq mallarının dəyəri daha çox yüksəlib?

News24.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı pərakəndə satış qiymətlərinə istinadən bildirir ki, 2023-cü ilin yanvarında ərzaq məhsulları arasında ötən ilin yanvarına nisbətən ən yüksək bahalaşma tərəvəzlərdə, duru yağlarda, taxıl məhsullarında və meyvələrdə baş verib. 

Ərzaq malları arasında ən yüksək qiymət artımı tərəvəzlərdə qeydə alınıb. Tərəvəzlərin qiyməti orta hesabla 40 faiz artıb. Tərəvəzlərin dəyərində belə yüksək artımın baş verməsi kartof və baş soğanın qiymətinin kəskin artması ilə bağlıdır. 

Kartofun bir kiloqramının orta qiyməti 47 faiz artıb. Ötən ilin yanvarında bir kiloqramının orta qiyməti 1 manat olan kartofun dəyəri bu ilin yanvarında 1,45 manata yüksəlib. 

Kartofun qiymətinin kəskin artması yerli məhsulların qiymətindəki dəyişikliklə bağlı olub. Yerli kartofun qiyməti 1 manatdan 1,5 manata qədər yüksəlib. İdxal kartofu isə 0,95 manatdan 1,2 manata qədər bahalaşıb. 

Digər əsas tərəvəz məhsulu olan baş soğanın qiyməti 67 faiz artıb. Bir il əvvəl kiloqramının qiyməti 0,63 manat olan baş soğan bu ilin yanvarında 1,05 manata satılıb. Baş soğanın dəyərindəki ciddi artımın əsas səbəbi həm yerli, həm də idxal mallarının bahalaşması ilə bağlıdır. 

Digər tərəvəzlərdən badımcanın qiyməti 88 faiz artıb. Bir il əvvəl 2,2 manata satılan badımcan 2023-cü ilin yanvarında 4,2 manata təklif edilib. Bu il həm yerli, həm də idxal badımcan kəskin bahalaşıb.

Dəyəri çox artan tərəvəzlərdən şirin bibər (2,2 manatdan 2,9 manata) və istixanada yetişdirilən xiyar (3 manatdan 4,05 manata) da var. 

Digər tərəvəzlərin qiymətində artım çox böyük olmayıb. Hətta bir neçə tərəvəz olub ki, onun qiyməti enib. 

Qiyməti daha çox azalan tərəvəz ağ kələmdir. Ağ kələmin qiyməti 1,2 manatdan 0,6 manata geriləyib. 

Ucuzlaşan tərəvəzlər arasında sarımsaq (4,6 manatdan 4,3 manata) və süfrə çuğunduru (1 manatdan 0,95 manata) da var. 

Meyvələrdə də bəzi məhsulların dəyəri xeyli artıb. Ölkəmizdə istehlak edilən əsas meyvə - almanın qiyməti 19 faiz yüksəlib. Bir il ərzində almanın qiyməti 1,45 manatdan 1,7 manata qədər artıb. 

Daha çox bahalaşan meyvələr arasında banan (2,6 manatdan 3,1 manata) və armud (2,8 manatdan 3,5 manata) da var. 

Meyvələrdən fındığın qiyməti isə 4 faiz enib. Kənd təsərrüfatı məhsulları ilə bərabər sənaye məhsullarının da dəyəridə artım var. 

Sənaye emalından keçən qida mallarından ən çox yağlar bahalaşıb. 

Süfrə marqarininin qiyməti 27 faizdən çox artıb. İl ərzində bu növ yağların orta qiyməti 4,7 manatdan 6 manata yüksəlib.

Qarğıdalı yağı 28 faiz (6 manatdan 7,65 manata), günəbaxan yağı 25 faiz (4,6 manatdan 5,7 manata) bahalaşıb. 

Sürətli bahalaşma qeydə alınan digər qida mallarından şokoladların qiyməti 24 faiz (17 manatdan 21 manata), buğda çörəyinin dəyəri 20 faiz (bir kiloqramı 1,1 manatdan 1,35 manata), çovdar çörəyinin qiyməti 28 faiz (1,6 manatdan 2,05 manata), qarışıq undan bişirilən çörəyin qiyməti 23 faiz (1,4 manatdan 1,7 manata), unun qiyməti 21 faiz (1,3 manatdan 1,55 manata) artıb.