Vardanyan qondarma vəzifəsindən çıxarıldı: Sonra nələr olacaq? - Ekspert AÇIQLADI
    • 23-02-2023, 17:43
    • 320

Vardanyan qondarma vəzifəsindən çıxarıldı: Sonra nələr olacaq? - Ekspert AÇIQLADI

Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan istefaya göndərilib. Bu barədə məlumatı separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan açıqlayıb. Onu bu “vəzifə”də qondarma rejimin “baş prokuroru” Qurqen Nersisyan əvəz edəcək. 

Bəs bu addıma adekvat Azərbaycanın mövqeyi necə olmalıdır, bu dəyişiklik siyasi gedişata təsir göstərəkmi?

Siyasi analitik Aqşin Kərimov məsələ ilə bağlı düşüncələrini News24.az-a bölüşüb.


O bildirib ki, Azərbaycan ərazilərinə gələrək özünü “dövlət naziri” elan edən Ruben Vardanyan Qarabağdakı separatçı strukturda paralel təşkilatlanma yaratdı: Bu paralel təşkilatlanma bir-birilə didişir, mübarizənin bir ucunda Arayik Arutyunyan, digərində isə Ruben Vardanyan dayanır.

Vardanyanın Qarabağdakı mövcudiyyəti həm Rusiyanın, həm də Qərbin maraqları üçün əlverişli çıxış idi. 
Çünki Vardanyan qeyri-leqal iqtisadiyyatın parlayan ulduzudur, həm Qərb, həm də Rusiya üçün faydalı gəlir mənbəyidir. 
Hərçənd ki, məntiqlə Qərb Rusiya layihəsi olan Vardanyanı ağ yuyub, qara sərməli idi, lakin bunun işartılarını belə görmürük. 
Əksinə Qərb də Vardanyanın Qarabağdakı varlığından narahat deyil – bir ölkəni çıxmaq şərtilə. 
Həmin ölkə Böyük Britaniyadır, çünki Vardanyan Britaniyanın Qarabağdakı qızıl yataqlarının istismarı üçün aldığı hüquqa pərçim vurur, bunun isə davamlı qalacağına şübhəm var

Ekspert əlavə edib ki, Vardanyan daha böyük layihənin icraçısıdır, amma son məqsədə doğru irəliləyərkən Azərbaycan torpaqlarından məşq meydançası kimi istifadə edir: Bu, Azərbaycan üçün qəbuledilməzdir, üstəlik Vardanyanın fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə, Konstitusiyasına başdan-ayağa ziddir. 

Azərbaycan Vardanyanın Qarabağı tərk etməsinə çalışır. Vardanyanın Qarabağdakı qondarma vəzifəsindən çıxarılıb onun yerinə Gurgen Nersisyanın gətirilməsi bu mənada diqqət çəkir. 

Burada 3 versiya irəli çıxara bilərik: 

1. Azərbaycan separatçılar arasındakı konfliktdən, üstəgəl onların Ermənistanla münasibətlərindəki qırılmalardan istifadə edərək Qarabağ erməniləri ilə təmasları bərpa etməyə çalışır. 

2. Vardanyanın yerinə gələn Qurgen Nersisyan proseslərdə maneə yarada bilər. Çünki onun Qərb dairələri ilə bağlılığı qeyd olunur. 

3. Əgər ikinci versiya dəqiqdirsə, onda belə bir senari də icra edilə bilər ki, Qərb Nersisyan vasitəsilə Rusiyanın strateji layihəsi sıradan çıxarsın. 

Ancaq iki məsələ açıq qalır: 

Vardanyan bundan sonra nə edəcək və Kremlin təlimatı ilə hansı platformaya can atacaq? 
Nersisyan hansı tərəfə əyiləcək? 

Hər halda, Azərbaycan Vardanyanın Qarabağ məşqlərini pozmaq üçün ciddi addımlar atır və nəticələr zamanla daha da aydın görünəcək.

Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti xidmət etdiyi ərazilərdəki prosesləri yalnız və yalnız ərazi bütövlüyünün təmini, suvrenliyin mütləq bərpası kontekstində diqqətdə saxlayacaq. 

Qarabağdakı ermənilərlə təmaslar həmin marağa xidmət edir, bunu separatçılarla danışıqlar kimi deyil, məhz erməni icmasının inteqrasiyası üçün zəminlərin formalaşdırılması kimi başa düşmək lazımdır.