10 uşaqlı ailələrə avtomobil hədiyyə ediləcək - Bu ölkədə

10 uşaqlı ailələrə avtomobil hədiyyə ediləcək - Bu ölkədə Dünya

Türkiyənin Ordu şəhərinin rəhbərlik orqanları doğumun təşviqi üzrə yeni proqram başladıb

News24.az xəbər verir ki, bu barədə Kumru rayonunun meri Yusif Yalçuv məlumat yayıb.

Bildirilib ki, 10 və daha çox uşağı olan ailələrə avtomobil hədiyyə ediləcək.

Layihə bələdiyyə şurası tərəfindən təsdiqlənib və əhalinin azalma tendensiyası ilə mübarizəyə yönəlib.

“Hər gün Kumrunun əhalisi azalır və biz bu tendensiyanı dayandırmaq üçün belə bir layihəyə başladıq. Mükafatlar təqdim etməklə ailələrimizə kömək edəcəyik və rayon əhalisinin artmasına töhfə verəcəyik”, - deyə Yalçuv bildirib.

Proqramın şərtlərinə əsasən, üçüncü və hər növbəti uşaq üçün ailəyə 50 min lirə (təxminən 1,1 min dollar) ödəniləcək.

Səkkizinci uşaq üçün birdəfəlik 300 min lirə (təxminən 6,6 min dollar) ödəniş və bələdiyyədə valideynlərdən biri üçün iş yeri nəzərdə tutulur, onuncu uşaq üçün isə avtomobil verilir.

Bütün pul ödənişləri anaların hesablarına köçürüləcək. Güzəştlərdən yalnız Kumruda ən azı iki il yaşamış və 4 may 2026-cı ildən sonra uşaqları doğulan ailələr yararlana biləcəklər.

Proqram sosial şəbəkələrdə böyük rezonans doğurub. İstifadəçilər Yürkiyənin mövcud iqtisadi şəraitində çoxuşaqlı ailələrin saxlanması üçün təklif edilən müavinət və imtiyazların real xərclərə uyğun olub-olmadığını müzakirə edirlər. /Haber7/