2000 illik qızıl üzükdəki yazı alimləri heyrətləndirdi
Dünya
Tailandda arxeoloqlar insan qalıqlarının yanında təxminən 2000 il yaşı olan iki qızıl üzük aşkarlayıblar. Üzüklərdən birinin üzərində qədim Hindistanda istifadə olunan brahmi yazısı ilə həkk olunan kitabə tapılıb.
News24.az-ın xəbərinə görə, mütəxəssislər hesab edirlər ki, yazı Cənubi və Cənub-Şərqi Asiyanı birləşdirən qədim ticarət yolları və mədəni əlaqələr barədə yeni məlumatlar verə bilər. İlkin oxunuşa görə, üzərindəki “pusarakhitasa” sözü “Puşya tərəfindən qorunan şəxs” mənasını verə bilər. Başqa ehtimala görə isə bu, üzüyün sahibinin adı olub.
Arxeoloji qazıntılar bu ilin fevralında yerli sakinlərin düyü tarlasında qədim tunc baraban tapmasından sonra başlayıb. Araşdırmalar zamanı 8 skelet, keramika nümunələri, tunc və dəmir əşyalar, eləcə də qızıl üzüklər aşkarlanıb.
Dəfn olunan şəxslərin şimal-şərq istiqamətində yerləşdirilməsi və başlarının üzərinə tunc əşyanın qoyulması onların cəmiyyətdə yüksək statusa malik olduğunu göstərir.
Arxeoloqlar üzüklərdən birinin sahibinin tacirlər, əkinçilər və bizneslə məşğul olan Vayşya varnasına mənsub ola biləcəyini düşünürlər. Oxşar brahmi yazıları Taylandın Krabi və Çumphon bölgələrində də aşkar edilib ki, bu da Cənubi Asiya ilə qədim Tayland əraziləri arasında ticarət əlaqələrinin mövcudluğuna dair ehtimalları gücləndirir.