4 günlük danışıqlar nəticə vermədi - Pakistandan xəbərdarlıq
Dünya
Pakistanla Əfqanıstan arasındakı atəşkəs danışıqları nəticəsiz qaldı.
News24.az AFP-yə istinadən xəbər verir ki, Pakistan rəsmiləri İslamabad və Kabil arasında uzunmüddətli atəşkəs barədə aparılan danışıqların qənaətbəxş nəticə vermədiyini açıqlayıb.
Pakistanın informasiya naziri Attaulla Tarar bildirib ki, Əfqanıstan tərəfi heç bir təminat verməyib, əsas məsələlərdən yayınaraq ittihamlara, cavabdan yayınmaya və hiylələrə əl atıb. Danışıqlar Qətər və Türkiyənin vasitəçiliyi ilə İstanbulda dörd gün davam edib.
Son illərdə iki ölkə arasında 2600 km-lik sərhəddə münasibətlər pisləşib. İslamabad Əfqanıstanı Pakistanda hücumlar həyata keçirən silahlı qrupları gizlətməkdə ittiham edir.
BMT-nin Əfqanıstandakı missiyasının məlumatına görə, son bir həftədə baş verən hadisələrdə azı 50 dinc sakin həlak olub, 447 nəfər yaralanıb.