ABŞ bazasına PUA hücumunu bu hərəkat edib
Dünya
İraqın “İslam Müqavimət Hərəkatı” İordaniya-Suriya sərhədində ABŞ hərbi bazasına pilotsuz uçan aparatla endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb.
News24.az xəbər verir ki, bu barədə “The Washington Post” qrup rəhbərliyindəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
"ABŞ İsraili dəstəkləməyə davam edərsə, eskalasiya davam edəcək. ABŞ-ın regiondakı bütün maraqları qanuni məqsədlərdir və biz ABŞ-ın cavab təhdidlərindən narahat deyilik", - hərəkatın sözçüsü qəzetə bildirib.
Qeyd edək ki, bundan öncə “Associated Press” mənbələri zərbənin İraqdakı qruplaşmalardan biri tərəfindən həyata keçirildiyini təsdiqləsə də, hansının olduğunu açıqlamayıb.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi İRNA-ya İranın İordaniya və Suriya sərhədindəki ABŞ bazasına hücumla heç bir əlaqəsinin olmadığını açıqlamışdı.
Teymur MƏMMƏDOV