Aİ liderləri Trampla yeni qarşıdurmaya hazırlaşır
Dünya
Avropa İttifaqı liderlərinin ABŞ prezidenti Donald Trampla bir sıra məsələlərdə yeni qarşıdurma ehtimalı gözlənilir.
News24.az xəbər verir ki, “Politico” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, fikir ayrılıqları rəqəmsal vergilər, müdafiə satınalmaları qaydaları və Ukraynanın maliyyələşdirilməsi ilə bağlıdır.
Noyabrın 26-da Aİ-də keçirilən büdcə danışıqları nəticəsiz qalıb. Müzakirələrdə Fransa prezidenti Emmanuel Makron rəqəmsal verginin tətbiqini müdafiə edib.
Makron bildirib ki, Fransa bu təşəbbüsü 2018-ci ildən dəstəkləyir və Avropanın belə bir vergi tətbiq etmək hüququ var. O, ABŞ-ın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq vergi razılaşmalarına əməl etmədiyini iddia edib.
Nəşrin məlumatına görə, Aİ diplomatları, ekspertləri və qanunvericiləri arasında ABŞ-la münasibətlərdə daha sərt mövqe nümayiş etdirməyin vacibliyini düşünənlər də var.
Adının açıqlanmasını istəməyən avropalı diplomat ABŞ-ın Avropaya qarşı aqressiv siyasətinin cavabsız qalmamalı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Vaşinqtonla münasibətlərdə mövqeyini dəyişməsə, bunun nəticələrini yenə özü ödəməli olacaq.